Rusiyanın “Nasionalnaya oborona” jurnalının may buraxılışında Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi dərc olunub. AZƏRTAC-ın məlumatına görə dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindən də danışıb: “Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsinə gətirib çıxarıb. Nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. “Qarabağ” adının özü Azərbaycan sözüdür. Tarixdən məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya ordusunun generalı Sisiyanovla imzaladığı sazişə görə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Həmin dövrdə erməniləri İrandan və Şərqi Anadoludan Azərbaycanın Qarabağ regionuna köçürməyə başlayıblar. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gəlib çıxıb.
Sonradan, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun ilk fərmanlarından biri İrəvanın Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verilməsi və Ermənistanın paytaxtı elan edilməsi haqqında fərman olub. Bu da tarixi faktdır. 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni tarixçilərinin yazdığı kimi, Azərbaycana verilməsi haqqında yox, məhz saxlanması haqqında. Bu da tarixi faktdır. Daha bir tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret verib.
Azərbaycan BMT-yə daxil olanda da özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, BMT nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir.
Buraya BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamələrini, həmçinin “Dağlıq Qarabağ respublikası” adlandırılan qanunsuz qurumun heç bir ölkədə tanınmamasını da əlavə etsək görərik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində həll edilməlidir. Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik 7 rayon da işğal olunub. Həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar”.
Azərbaycan Silahlı Qüvvələrinin vəziyyəti barədə sualı cavablandıran prezident deyib ki, son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb: “Bu gün ölkənin Silahlı Qüvvələrini möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Silahlı Qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib. Bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb.
“Global Firepower-2019”un hesabatına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir. 2006-cı ildə bizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda biz hərbi məhsulları ixrac edirik.
Son illərdə ən müasir texnika və silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri var.
Biz hərbi qulluqçuların sosial həyatına xüsusi əhəmiyyət veririk, hərbçilərin xidmət şəraiti yaxşılaşdırılır. Son illərdə onlarla hərbi şəhərcik yaradılıb. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilib və ya əsaslı təmir edilib. Qarşıdakı 2-3 il ərzində bütün hərbi şəhərciklər tamamilə təmir ediləcək. Hərbi qulluqçuların mənzil-məişət məsələləri həll edilir. Qəbul edilmiş qərar əsasında orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət pulsuz mənzillər verir. Bu gün bizim hərbi hissələrdə 20 mindən çox mülki şəxs işləyir. Əvvəllər bu işləri əsgərlər görürdülər. Biz onları məişət işlərindən azad etmişik. Eyni zamanda mülki şəxslərdən ötrü 20 mindən çox iş yeri açılıb.
Görülmüş bütün tədbirlər Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da möhkəmlənməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin güclənməsinə səbəb olub və biz bu istiqamətdə atılan addımları davam etdirəcəyik”.