Mərkəzi Bank aprelin 27-də “AGBank”, “Atabank”, “Amrah Bank”, “NBCBank” banklarına müvəqqəti inzibatçılar təyin edib. Aprelin 28-də isə “Atabank”la “Amrah Bank”ın lisenziyaları ləğv olunub.
Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev böhran dövründə Azərbaycan əmanətçilərinin banklardan pulunu geri çəkməsinə diqqət çəkərək yazır ki, bu, xüsusilə milli valyutanın məzənnəsi ilə bağlı müzakirələr qızışanda geniş vüsət alır: “Manatın ucuzlaşması riskindən çəkinən əhali milli valyutada olan əmanətlərini banklardan çıxarıb dollara çevirir. Təkcə bu ilin mart ayında əmanətlərin həcmi 5% və ya 443 milyon manata qədər azalıb. Azalmanın 421 milyon manatı milli valyuta əmanətlərinin payına düşüb.
Əmanətlərin azalması böyük ehtimalla davam edəcək. Mart-aprel aylarında azalmanı manatın devalvasiyası qorxusu şərtləndirirdi, may ayında isə dörd bankla bağlı verilən qərar öz rolunu oyandı. Birinci halda əmanətlərin dollarlaşmasına üstünlük verilirdi, indi isə əmanətlər geri çəkilir.
Dörd bankın bazarı tərk etməsi əmanətçilərin davranışına necə təsir edir? Sosial şəbəkələrdən yararlanıb fəaliyyəti dayandırılmış bankların əmanətçiləri arasında sorğu keçirdik. Bir sutka ərzində sorğuda 76 nəfər iştirak etdi. Respondentlərin 46,1%-i “Atabank”ın, 26,3%-i “Amrah Bank”ın, 17,1%-i “NBCBank”ın, 10,5%-i “AGBank”ın müştəriləri oldu.
Cavablardan bilindi ki, bu banklarda yerləşdirilmiş əmanətlərin 85,5%-i qorunan, 15%-i qorunmayandır. Respondentlərin 65,8%-i əmanətləri heç bir banka qoymayacağını bildirdi.
Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb. Əmanət qaçışını minimuma endirmək üçün Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsini 12 faizə qaldırıb”.