AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli 30 sutkalıq inzibati həbs cəzasını başa vurub. Novator.az-ın məlumatına görə, o, mayın 8-də Daxili İşlər Nazirliyinin Bakının Binəqədi rayonundakı inzibati həbs məntəqəsindən azadlığa buraxılıb.
Faiq Əmirlini aprelin 8-i axşamüstü Bakıda, 20-ci sahədəki evinin yanında mülki geyimli şəxslər tutmuşdu. Ona 30 sutka həbs cəzasını aprelin 9-da Səbail Rayon Məhkəməsi kəsmişdi. Cəbhəçi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə karantin rejiminin pozulmasında təqsirli bilinmişdi.
Faiq Əmirli “Azadlıq” qəzetinin maliyyə direktoru vəzifəsini tutan zaman həbsdə yatıb. 2016-cı il avqustun 20-də tutulan Faiq Əmirli 2017-ci il iyulun 24-də Səbail Rayon Məhkəməsinin hökmü ilə xeyli miqdarda vergidən yayınmada və qulluq mövqeyindən istifadə etməklə dini nifrət, düşmənçiliyin salınmasında təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, eyni zamanda 39 min manat məbləğində cərimələnmişdi. Rəsmi ittihama əsasən, Faiq Əmirli “Azadlıq” qəzetinin gəlirini az göstərməklə nəşri vergidən yayındırıb və ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin ideyalarını “Azadlıq” qəzetində yaymaq istəyib.
2017-ci il sentyabrın 15-i Bakı Apellyasiya Məhkəməsi Faiq Əmirlinin cəzasının qalan hissəsini şərti cəza ilə əvəzləyib və həbsdən buraxılmasına qərar verib.
Novator.az bildirir ki, son vaxtlar daha 13 AXCP fəalı tutulub, 2 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikova karantin rejimini pozmaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.
Aprelin 9-u AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov Bakıda tutularaq karantin rejimi qaydalarını pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 10-u Nicat Abdullayev Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 13-ü Baba Süleyman Bakıda tutularaq karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 16-sı AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 17-si Abşeron rayonunda Vüqar Əbilova 20 sutka inzibati həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Aprelin 18-i Bakıda İslam İslamzadəyə karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 30 sutka inzibati həbs cəzası kəsilib.
Aprelin 22-si Bakıda Əvəz Əhmədova və Arif Babayevə 30 sutka inzibati həbs cəzaları verilib. Əvəz Əhmədov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda, Arif Babayev internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsində təqsirli bilinib.
Aprelin 25-i Şəmsi Kəsəmənli Abşeron rayonunda karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 15 sutka inzibati həbs cəzası alıb.
Mayın 2-si Salyanda Sərdar Qubadsoya 25 sutka inzibatı həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Mayın 4-ü Bakıda Elvin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.
Mayın 6-sı Ramid Nağıyev Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.