Koronavirus pandemiyasının Azərbaycanın sosial-iqtisadi həyatına mənfi təsirinin azaldılması ilə bağlı hökumət planında aprel-may ayları üzrə rəsmi yaşayış minimumu – 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi də var.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəsmi dövlət qəzeti “Azərbaycan”ın 6 may sayına müsahibəsində deyib ki, birdəfəlik ödəmə işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edir.
Novator.az-ın məlumatına görə, iqtisadçı alim Qubad İbadoğlu Sahil Babayevin həmin müsahibəsinə əsaslanaraq yazır ki, E-sosial.az portalına və məşğulluq mərkəzlərinə müraciət edən 1 milyon 235 min 200 nəfər işsiz kimi qeydiyyata alınmaq istəyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 600 min nəfərə 190 manatlıq birdəfəlik yardım etməklə yanaşı ən azı 635 min 200 nəfərə imtina cavabı verib. Sahil Babayev deyir ki, 320 min şəxsin adına aktiv əmək müqaviləsi bildirişi, 170 min şəxsin adına aktiv VÖEN, 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlak, 19 min 200 şəxsin adına iki və daha çox avtomobil olduğu üçün onlara birdəfəlik ödəmə verilməsindən imtina edilib.
Nazirin sözlərinə görə, 41 min müraciəti xarici ölkələrdə yaşayan şəxslərin etdiyi, 65 min şəxsin isə həyat yoldaşının birdəfəlik ödəmə aldığı məlum olub.
Göründüyü kimi, birdəfəlik yardım alanlarla imtina cavabı verilənlərin birlikdə sayı 1 milyon 235 min 200 nəfər olub. Əslində onların hamısına 190 manat birdəfəlik yardım ödənməli idi. Lakin nazirlik qanunu pozaraq, işsizləri aztəminatlı təbəqənin nümayəndələri kateqoriyasına salaraq, onlara yardım verməmək üçün məhdudlaşdırıcı normalar tətbiq etməklə ehtiyacı və yardımı almaq hüququ olanların sayını ən azı iki dəfəyədək azaldıb. Bu, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlara qarşı sosial cəhətdən böyük ədalətsizlik olmaqla yanaşı “Məşğulluq haqqında” qanunun 4-cü maddəsinin 1-ci bəndinin, “İnzibati icraat haqqında” qanunun 61-ci maddəsinin 2-ci bəndinin tələblərini kobud şəkildə pozmaqdır. Hesab edirəm ki, imtina cavabları alanlar öncə nazirliyə, sonra isə məhkəmələrə üz tutmaqla haqlarını tələb etməlidirlər”.
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən, dövlət qurumlarından bu ödənişləri alan işsiz şəxslərə 190 manatlıq birdəfəlik ödəmə düşmür:
– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
– əmək pensiyaçılarına;
– aylıq müavinət alanlara;
– aylıq təqaüd alanlara;
– özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
– işsizlikdən sığorta ödənişi alanlara;
– peşə hazırlığına görə təqaüd alanlara;
– 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
– əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya rəsmi aktiv əmək müqaviləsi bildirişi olanlara;
– əri və ya arvadı ünvanlı dövlət sosial yardımı və 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya alan şəxslərə.
“Məşğulluq haqqında” qanunun 4-cü maddəsinin 1-ci bəndinə görə, məşğul şəxslərə bunlar aiddir:
muzdla işləyənlər – Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər – Mülki Məcəlləyə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
haqqı ödənən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
“İnzibati icraat haqqında” qanunun 61-ci maddəsinin 2-ci bəndinə əsasən, inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.