Mərkəzi Bankın İdarə Heyəti aprelin 27-də “AGBank”, “Atabank”, “Amrah Bank”, “NBCBank” banklarına müvəqqəti inzibatçılar təyin edib. Bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçılara keçib.
Aprelin 28-də isə “Atabank”la “Amrah Bank”ın lisenziyaları ləğv olunub. Mərkəzi Bankın rəsmi açıqlamasında qeyd olunub ki, bu banklar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itirib və müflis vəziyyətinə düşüb.
Lisenziyaların ləğvi bankların məcmu kapitalının miqdarının müəyyən edilmiş minimum miqdardan az olması ilə də bağlanıb. Bankın məcmu kapitalının minimum miqdarı 50 milyon manat olmalıdır.
Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev Mərkəzi Bankın sədri Elman Rüstəmova istinadla yazır ki, müvəqqəti inzibatçıların təyin olunduğu bankların hamısının kapitalı mənfi imiş: “Atabank”ın kapitalı mənfi 214 milyon manat, “AGBank”ın kapitalı mənfi 145 milyon manat, “Amrah Bank”ın kapitalı mənfi 77 milyon manat, “NBCBank”ın kapitalı mənfi 23 milyon manat göstərilir.
2019-cu ilin sonuna “Atabank” istisna olmaqla digər üç bank kapitalları barədə məlumat açıqlayıblar: “NBCBank” 58,3 milyon manat, “AGBank” 48,9 milyon manat, “Amrah Bank” 11,5 milyon manat məbləğində kapitalı olduğunu bildirib. Hətta “AGBank” 2020-ci il martın sonuna kapitalının həcmini 49,2 milyon manat göstərib. İndi məlum olur ki, cəmi bir neçə aya bankların hamısında kapital mənfiyə düşüb.
Mərkəzi Bank sədrinin dediyi kimi, banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladığı məlumatlar niyə fərqlidir? Belə çıxır ki, bankların məlumatları reallıqdan tamam uzaqdır. Əgər belədirsə, deməli, onlar tənzimləyici quruma səhv məlumatlar veriblər. Açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir və kapitalı mənfi olan banklar yenə var.
Digər məsələ tənzimləyici qurumun məsuliyyətsizliyidir. Bankların fəaliyyətinə nəzarəti 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Ötən ilin sonunda nəzarət səlahiyyəti Mərkəzi Banka qaytarılıb. Belə olan halda niyə bu vaxta qədər bu 4 bankla bağlı zəruri addım görülməyib? Niyə imkan verilib ki, onların kapitalı nəinki 50 milyon manatlıq normativi pozsun, hətta mənfiyə düşsün?
Bağlanan banklarda sığortalı əmanətlər qaytarılacaq. “Atabank” və “Amrah Bank” Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır. Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb.
Bəs qorunmayan əmanətlərin taleyi necə olacaq? Sahibkarların alın təri ilə topladığı və banklara etibar etdiyi vəsaitlərin taleyi necə olacaq? Sahibkarın, əmanətçinin nə günahı var ki, dövlət bu banklara düzgün nəzarət etməyib?”
Azərbaycanda “AGBank”, “Atabank”, “Amrah Bank”, “NBCBank” banklarından əlavə daha 26 bank var.
2019-cu il noyabrın 28-də imzalanan prezident sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və səlahiyyətləri Mərkəzi Banka verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası prezidentin 3 fevral 2016-cı il fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulmuş, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulmuşdu.
2018-ci il oktyabrın 4-də təsdiqlənən yeni nizamnaməsinə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri (maliyyə bazarları) sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarəti təmin edirdi.