Avropa İnsan Hüquqları Məhkəməsi mayın 7-də azərbaycanlı jurnalist Xədicə İsmayılla bağlı növbəti qərarını elan edib. “Turan” bildirir ki, Azərbaycan dövlətinin üzərinə jurnalistə mənəvi ziyana görə 6 min avro təzminat ödəmək öhdəliyi qoyulub.
Qərar jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti əhatə edir. Həmin şikayətdə jurnalist qeyd edib ki, hökumətə yaxın media orqanlarının təhqiramiz hücumlarına məruz qalıb, yerli məhkəmələrə müraciət etsə də, iddiaları nəticə verməyib. Jurnalist Avropa Məhkəməsinə şikayətində şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğunu bildirib.
1976-cı il təvəllüdlü Xədicə İsmayıl Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
Jurnalist 2014-cü il dekabrın 5-dən 2016-cı il mayın 25-dək həbsdə olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etdiyi jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı, şərti məhkumluqla azadlığa buraxılıb.
Novator.az bildirir ki, 2019-cu il yanvarın 10-da Avropa Məhkəməsi Xədicə İsmayılın Azərbaycan dövlətindən şikayəti ilə bağlı ilk qərarını elan edib.
Şikayət jurnalistin videosunun yayılmasına görə qaldırılan cinayət işindən verilmişdi. Xədicə İsmayıl Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığının pozulması) maddəsi ilə başlanan həmin iş üzrə icraatın effektiv aparılmadığını iddia edib.
Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinə əsaslanaraq Xədicə İsmayılın hüquqlarının pozulduğu qərarına gəlib. Qərara əsasən, Xədicə İsmayıla mənəvi zərərə görə 15 min avro, məhkəmə xərclərinə görə isə 1750 avro təzminat ödənməlidir.
Şikayətə səbəb olan videolar Xədicə İsmayılın yaşadığı mənzildə gizli yolla çəkilib, 2012-ci ildə yayılıb. Ardınca dövlət nəzarətində olan bəzi qəzetlərdə Xədicə İsmayılı qeyri-peşəkarlıqda, hökumətə qarşı qərəzdə və əxlaqsızlıqda ittiham edən yazılar dərc edilib.
Avropa Məhkəməsi 2020-ci il fevralın 27-də Xədicə İsmayılın şikayəti üzrə başqa bir qərar çıxarıb. Qərara əsasən, Azərbaycan dövləti jurnalistə 25 min avro təzminat ödəməlidir. Qeyd olunub ki, Azərbaycanda Xədicə İsmayılın Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir çox hüququ, o cümlədən azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqları pozulub.