Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəsmi dövlət qəzeti “Azərbaycan”a müsahibəsində koronavirus pandemiyası dövrünün sosial dəstək layihələrindən danışıb. O qeyd edib ki, prezidentin 19 mart 2020-ci il sərəncamının icrası üçün Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planında məşğulluğa və sosial rifaha dəstək proqramları müəyyənləşib: “Tədbirlər planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələyib.
Sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb, məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin istiqamətlər üzrə işlər aparır. Bu istiqamətlərə iş yerlərinin və işçilərin əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və sair məsələlər daxildir”.
Nazir deyib ki, 2020-ci ilin 4 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat çox olub: “Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat artıqdır.
Sosial ödənişlərin davamlılığı təmin edilir. Aprel ayında 2,3 milyon şəxsə sosial ödənişlər, o cümlədən 1 milyon 270 min nəfərə pensiya, 418 min nəfərə müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım verilib. Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz çox olmaqla 480 milyon manatdan artıq vəsait ödənişi həyata keçirilib. Həmçinin son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz çox insanı, 2,3 milyon vətəndaşı əhatə edib.
2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin əvvəlinə nisbətən 12 faiz artaraq mayın 1-nə 295,3 manata çatıb. Yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manatdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 27,8 faiz artıb. Eyni zamanda 2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manat olub.
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib. Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb.
Digər bir istiqamət kimi ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.
Özünüməşğulluq proqramına gəldikdə, bu proqram çərçivəsində cari il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır.
Ünvanlı dövlət sosial yardımı proqramının da əhatə dairəsi genişləndirilir. Təkcə aprel ayında əlavə 12 min ailə bu proqrama cəlb edilib və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Hər ailəyə aylıq orta hesabla 224 manat sosial yardım ödənir. Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, 20 minədək şəxsi əhatə etməsi üçün qanunvericiliyə dəyişikliklər edilir”.