2019-cu ilin dekabr ayından bəri Azərbaycanda bir çox məmur, o cümlədən Ağstafa, Neftçala, Biləsuvar rayonlarının icra başçıları, Yevlaxın sabiq icra başçısı iqtisadi cinayətlər ittihamı ilə həbs ediliblər. Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bununla bağlı şərhində yazır ki, icra başçılarının həbsi ictimaiyyəti təəccübləndirmir: “Rüşvət almayan, korrupisoner olmayan icra başçısı yoxdur” qənaəti Azərbaycanda ictimai fikrə çoxdan hakim olub. Əksinə, icra başçılarının həbsi davam etdikcə idarəetmədəki boşluqlar üzə çıxır. Bir icra başçısı qanunsuz əməllər üstündə həbs olunur, başqası eyni əməlləri davam etdirir, yenə həbslər aparılır. Deməli, korrupsiya ilə belə mübarizə effektli deyil. Belə həbslər başqalarına görk olmur, digərləri korrupsioner fəaliyyətlərini davam etdirirlər.
Hətta effektli olsa da, Azərbaycanda rayon və şəhərləri, şəhər rayonlarını sayanda 80-dən çox icra başçısı var, onların hər ay birini tutmaqla bizə bundan sonra nə qədər vaxt lazımdır?
Həbs olunan icra başçılarının əsas ittihamlar sahibkarlardan rüşvət, əmlak, torpaq almaları və yoxsul təbəqənin sosial təminatı üçün ayrılan yardımı və işsizlik müavinətini mənimsəmələridir. Deməli, mərkəzləşdirilmiş fiskal tənzimlənmə sistemində yoxsulların və işsizlərin müdafiəsi üçün həyata keçirilən sosial siyasət ünvanlı olmayıb, effekt verməyib. Eyni siyasəti davam etdirməyə dəyərmi?
Nə zaman bu hakimiyyət fiskal əks-mərkəzləşdirmə islahatlarına başlayacaq? Nə zaman büdcə nəticəsi ölçülə bilən proqramlarla təsnif ediləcək? Bunun üçün yoxsul və işsiz nə qədər gözləməlidir?”
Qubad İbadoğlu həmçinin qeyd edir ki, həbs olunan icra başçılarının yüksək postlarda 10-15 illik stajı var: “Məgər onlar son beş ayda rüşvət toplamaqla məşğul olublar? Bəs onlar əvvəllər sahibkarın, yoxsulun və işsizin qanını soranda niyə adekvat qərarlar olmayıb, bu fəaliyyətsizliyə görə kimlər məsuliyyət daşıyır?
Regionların sosial-iqtisadi inkişafı məqsədilə ayrılan 80 milyard manatdan çox vəsaitin sorağı həbs olunan icra hakimiyyəti başçılarının varidatından, malından, mülkündən gəlir. Niyə indiyə qədər ölkədə gəlirlərin və əmlakın bəyannaməsi tətbiq olunmur?”
ADR sədri yazır ki, idarəçilik probleminin həlli icra hakimiyyəti sisteminin ləğvi, onların səlahiyyətlərinin bələdiyyə verilməsi, bələdiyyələrin azad və ədalətli seçkilərdə seçilməsi və onların xalq qarşısında hesabatlı olmasından keçir.