Pərakəndə ticarət və iaşə sistemində ödənmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılma mexanizmi müəyyən olunub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Kapital Bank” proses üzrə müvəkkil bank seçilib, həmçinin ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı www.edvgerial.az portalı hazırlanıb: “Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir.
ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet, virtual “pul qabı” yaradılır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının (NKA) çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödəndikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına üz tutub NKA çekindəki 12 simvollu fiskal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.
“BirBank” tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. “BirBank” tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra müvəkkil bank ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizini, nağd ödənişlər üzrə 10 faizini alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirir.
Qaydalar supermarketləri və digər pərakəndə ticarət obyektlərini, restoran və kafeləri əhatə edir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənən ƏDV geri qaytarılmır”.
Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli yazır ki, ƏDV-nin bir hissəsinin qaytarılması üçün çətin yol seçilib: “Nağd ödənişlər üzrə ƏDV-nin 10 faizinin geri qaytarılması qaydası tam mənasız qərardır, bunun məntiqi yoxdur. Bu işdə əsas məramı o olmalıdır ki, insanların nağdsız ödənişə marağı artsın, ticarət şəffaflaşsın, nağd pulla ticarət azalsın”.
Ekspert ƏDV-ni 18 faizdən 16 faizə endirməyi təklif edir: “İş adamları bundan xeyir götürər. Nağdsız ödəniş edən vətəndaşa isə ƏDV hissəsinin 15 faizini qaytarmaq gərəkdir. Bu halda həm biznes prosesdə maraqlı olar, həm də vətəndaş.
Hətta bu da yetərli deyil. Qoy nağdsız ödəniş zamanı verilən kassa çeklərinin unikal nömrələri avtomatik lotereya biletinə çevrilsin, Maliyyə və İqtisadiyyat nazirlikləri hər ay çoxsaylı hədiyyələri uduşa çıxarsın. Vətəndaşlar çalışıb nağdsız ödəniş edər, kassa çeklərini toplayıb lotereyanın nəticələrini gözləyər. İki-üç belə tirajdan sonra yüzlərlə şəxs hədiyyə udsa, bu işə inam yaransa, bütün millət kartla alış-verişə keçəcək. Ağılla, məntiqlə atılmalı addımlar belə olmalıdır”.