Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin 1 may iclasında qurumun 2019-cu il fəaliyyətinə dair məruzə ilə çıxış edib. O deyib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib: “43 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. 43 audit üzrə 561 nöqsan müəyyən edilib. Əsas pozuntuların büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə və mühasibat uçotu və hesabatlılıqla bağlı olduğu üzə çıxıb.
Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət ilk növbədə dövlət satınalmalarının keçirilməsində şəffaflığın təmin edilməsinə və dövlət əmlakından səmərəli istifadəyə nəzarətin təşkilindən keçir.
Hesabat ilində nəzarət tədbirlərinin nəticələri göstərir ki, dövlət satınalmaları sahəsində ən çox rast gəlinən iki əsas məsələnin həlli ilə bağlı qanunvericilik və inzibati vasitələrin daha geniş tətbiqi üzrə işlər davam etməlidir. Birinci məsələ ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməməsi, ikincisi dövlət satınalmasında şəffaflığın və rəqabətliliyin təmin edilməsi ilə bağlıdır”.
Sədrin sözlərinə görə, 2019-cu ildə Hesablama Palatası Kollegiyasının qərarlarının icrası olaraq 21,3 milyon manat vəsaitin bərpası təmin edilib: “Həmçinin 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası, 1,1 milyon manat məbləğində görülməmiş işlərin tamamlanması təmin olunub. 5,4 milyon manat məbləğində debitor borc bağlanıb, həmçinin 376 min manat əsassız kreditor borc ləğv edilib”.
Novator.az bildirir ki, Hesablama Palatası Milli Məclisin yaratdığı, parlamentə hesabat verən, daimi fəaliyyət göstərən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Qurum icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına rəy verir.
Palata sədr, sədr müavini və 5 auditordan ibarətdir. Üzvlərin səlahiyyət müddəti 7 ildir, onlar Milli Məclis sədrinin təqdimatı əsasında parlamentin azı 63 deputatının səs çoxluğu ilə təyin edilirlər.
Hesablama Palatasının dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə etmək; dövlət vəsaitinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil etmək; kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarını və zəruri sənədləri kağız və (və ya) elektron formada almaq, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olmaq; kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə daxil olmaq, müvafiq sahələrdə müşahidələr aparmaq, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlamaq, inventarizasiyasını aparmaq, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar almaq; inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək; kənar dövlət maliyyə nəzarətinin obyektlərinin vəzifəli şəxslərini Hesablama Palatasının kollegiya iclaslarına dəvət etmək kimi hüquqları var.