Mayın 1-də neft hasilatının azaldılması üzrə beynəlxalq razılaşma qüvvəyə minib.
Novator.az bildirir ki, iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) aprelin 12-də gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığı əldə ediblər. May-iyun aylarında hasilat 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel həcmində azaldılacaq.
Azərbaycan gündəlik neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
İyul-dekabr aylarında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 8 milyon barrel azaldılması planlaşdırılır. Həmin dövrdə Azərbaycanın gündəlik hasilatı 587 min barrel səviyyəsində olmalıdır.
2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 6 milyon barrel azaldılması nəzərdə tutulur. Azərbaycan həmin dövrdə hasilatı 620 min barrel həcmində saxlamağa razılıq verib.
2018-ci ilin oktyabr ayında Azərbaycanın gündəlik xam neft hasilatı 718 min barrel olub.
2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. Azərbaycan nefti “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92 dollarla başlayıb.
AZƏRTAC-ın 1 may məlumatına görə, London birjasında brent markalı neftin barreli 26,72 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 19,02 dollara satılır.
2020-ci ilin ilk üç ayında Azərbaycanın ixracının 89,8 faizi neft-qaz sektoruna aid olub.
Dövlət Neft Fondunun rəsmi hesabatına görə, yanvar-mart aylarında neft və qaz sazişləri üzrə 3 milyard 772,1 milyon manat gəlir əldə edilib.