Milli Məclis 1 may iclasında prezident İlham Əliyevin təqdimatına baxaraq Kamran Əliyevin baş prokuror vəzifəsinə təyinatına razılıq verib. Bunun ardınca dövlət başçısı sərəncam imzalayaraq təyinatı rəsmiləşdirib.
Baş prokurorun səlahiyyət müddəti 5 ildir.
Novator.az bildirir ki, 1965-ci il təvəllüdlü Kamran Əliyev hüquq elmləri namizədidir.
Baş Prokurorluğun Kadrlar İdarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, İstintaq və Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarələrində müstəntiq və böyük müstəntiq, baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rəisi vəzifələrində işləyib.
Mayın 1-dək o, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, eyni zamanda baş prokurorun müavini idi.
Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.
Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Azərbaycanda prokurorluq orqanının əsası 1918-ci ildə qoyulub.
1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan 2000-ci ilədək baş prokuror postunda bu şəxslər xidmət edib: İsmət Qayıbov, Murad Babayev, İxtiyar Şirin, Əli Ömərov, Eldar Həsənov.
2000-ci ildən baş prokuror vəzifəsini Zakir Qaralov tuturdu.