Mayın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Biləsuvarda keçirilən əməliyyat barədə açıqlama yayıb.
Əməliyyat aprelin 29-da keçirilib.
Novator.az-ın məlumatına görə, ictimai əlaqələr şöbəsinin açıqlamasında bildirilir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin qanunsuz əməlləri barədə DTX-da materiallar toplanıbmış. Həmin materiallar əsasında Mahir Quliyevin xüsusi karantin rejimi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə ayrılan sosial yardımların bir qismini birinci müavini Xanlar Məmmədovun vasitəsilə hissə-hissə mənimsədiyi, icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq bir hissəsinin ona verilməsini tapşırdığı müəyyən olunubmuş.
Bundan başqa, Mahir Quliyev köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə icra hakimiyyətində və digər dövlət orqanlarında çalışan vəzifəli şəxslərdən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul tələb edərək alırmış.
İcra başçısı ictimai işlərə cəlb edilən işsiz və aztəminatlı vətəndaşların əməkhaqqı kartlarına köçürülən məbləğləri də ələ keçiribmiş.
Eyni zamanda, təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini nağdlaşdıraraq mənimsəyirmiş, tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işlərinə görə rüşvət alırmış.
Aprelin 29-u Mahir Quliyev xidməti otağında növbəti dəfə rüşvət alandan sonra Dövlət Təhlükəsizliyi Xidməti əməliyyata başlayıb. Otağa baxış zamanı rüşvət kimi alınan pullar, iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar götürülüb.
Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Aprelin 30-da prezident İlham Əliyev Mahir Quliyevi Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
1958-ci il təvəllüdlü Mahir Quliyev kəlbəcərlidir. Səbail bələdiyyəsi sədrinin müavini, Astara Rayon İcra Hakimiyyətinin başçısı olub. O, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini 26 aprel 2011-ci ildən tuturdu.
Mahir Quliyev prezidentin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.