Aprelin 30-da Nazirlər Kabineti yanında operativ qərargah növbəti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, ölkədə daha 38 nəfər koronavirus infeksiyasına yoluxub, 58 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1951-ci il təvəllüdlü bir xəstə vəfat edib.
Ümumilikdə ölkədə 1804 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, onların 1325-i müalicə olunaraq sağalıb, 24-ü vəfat edib.
Rəsmi hesabata əsasən, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, həmin şəxslərdən 17-nin vəziyyəti ağırdır.
2019-cu ilin dekabrında Çində üzə çıxan pnevmoniya tipli koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 230 mindən çox adam ölüb.
Azərbaycanda infeksiyanı cilovlamaq məqsədilə xüsusi karantin rejimi tətbiq olunub: sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, bir çox ticarət və məişət xidməti məkanı bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi yasaqlanıb, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.
Xüsusi karantin rejimi mayın 4-də başa çatmalıdır. Ancaq rəsmi açıqlamaya görə, Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 mayadək uzadılıb.
Beynəlxalq statistikaya əsasən, Azərbaycanla həmsərhəd İranda 6028, Türkiyədə 3081, Rusiyada 1073, Gürcüstanda 6 nəfər koronavirusun qurbanı olub.