Mərkəzi Bankın hesabatına görə, aprelin 1-nə Azərbaycanda 1 milyard 386,8 milyon manatlıq problemli kredit rəsmiləşib. Bu, 2020-ci ilin əvvəlinə nəzərən 113,7 milyon manat çoxdur. Yanvarın 1-nə 1 milyard 273,1 milyon manatlıq ödəniş vaxtı keçmiş kredit vardı.
Novator.az bildirir ki, özünün “Facebook” səhifəsində şərh yayan iqtisadçı Natiq Cəfərli problemli kreditlərin ümumi kreditlərdə payının 8,9%-ə yüksəldiyini vurğulayır: “Mərkəzi Bank və hökumət həmişə proseslərin arxasınca sürünür, önləyici və effektiv addımlar ata bilmir. Banklara kreditlər üzrə gecikmələr olacağı halda sentyabra qədər müştərilərinə dəbbə pulu, cərimə hesablamamaq tövsiyə olunub. Gecikmələr isə mütləq olacaq və problemli kreditlərin ümumi kreditlərdə payının 15%-ə qalxması istisna olunmur.
Bir aydır təklif edirik mart-sentyabr ayları ərzində bütün növ kreditlər üzrə faiz hesablanması dondurulsun, yəni faiz hesablanmasın. Bankların zərərini qarşılamaq üçün hökumətin onları bütün növ vergilərdən 6 aylıq azad etməsi mümkündür. Bu da yetərli olmasa, Mərkəzi Bank kommersiya banklarına 1 illik – ilk 6 ay üzrə faizsiz, növbəti 6 ay üzrə 2-3%-lə – kredit verə bilər.
Banklar bu modelə razı olar, hətta daha çox qazanar, həm də onların maliyyə dayanıqlığı artar. Hökumət heç nə itirməz – bir tək bankların ödəyəcəyi vergilərdən başqa, o da böyük məbləğ deyil.
Hərəkətə gəlmək vaxtıdır. Yoxsa Mərkəzi Bank və hökumət payızda yüz milyonlarla manat xərcləyib problemli kredit məsələsinin həllini tapmağa, bankları xilas etməyə çalışacaq”.
Azərbaycanda sosial-iqtisadi çətinliklər yaşanır. Bunun əsas səbəblərindən biri koronavirus infeksiyasını cilovlamaq məqsədilə karantin rejiminin tətbiqi çərçivəsində sərhədlərin qapadılması, ictimai iaşə müəssisələrinin, bir çox ticarət və məişət xidməti məkanlarının, mərasim yerlərinin bağlanmasıdır.