Milli Məclisin 1 may iclasında baş prokuror vəzifəsinə təyinatla bağlı təqdimata baxılacaq.
Prezident İlham Əliyev baş prokuror vəzifəsinə Kamran Əliyevi namizəd göstərib. Səlahiyyət müddəti 5 il olan baş prokurorun təyinatı üçün parlamentin razılığı gərəkdir.
Kamran Əliyev 1965-ci ildə Balakən rayonunda doğulub. 1987-ci ildə İrkutsk Dövlət Universitetinin (Rusiya) hüquq fakültəsini bitirib, həmçinin aspirantura təhsili alıb. Hüquq elmləri namizədidir.
Bir neçə il Rusiyanın prokurorluq orqanlarında xidmət edən Kamran Əliyev Azərbaycana gəldikdən sonra Baş Prokurorluğun Kadrlar İdarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, İstintaq və Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarələrində müstəntiq və böyük müstəntiq, baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ildən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olub. 2014-cü ildən bu qurum baş idarə statusu alıb və Kamran Əliyev eyni zamanda baş prokurorun müavini təyin edilib.
Novator.az Baş Prokurorluğun rəsmi saytına istinadla bildirir ki, Azərbaycanda prokurorluq orqanının əsası 1918-ci ildə qoyulub. Həmin il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq yaradılıb.
1920-ci ilə qədər Xəlil bəy Xasməmmədov (iki dönəm), Fətəli xan Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri, eyni zamanda baş prokuroru olublar.
Cümhuriyyət süqut etdikdən sonra, 12 may 1920-ci ildə prokurorluq ləğv edilib.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il dekreti ilə prokurorluq yenidən yaradılıb.
1936-cı ilədək xalq ədliyyə komissarı vəzifəsini tutan şəxslər – Əliheydər Qarayev, Sergey İvanov, Bahadır Vəlibəyov, Böyükağa Talıblı (iki dönəm), Hüsü Hacıyev, Ayna Sultanova, Yaqub Məmmədov həm də baş prokuror sayılıblar.
1936-cı ilin iyul ayında prokurorluq Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq SSRİ Prokurorluğuna tabe edilib.
SSRİ-nin dağıldığı 1991-ci ilədək baş prokuror postunda bu şəxslər xidmət edib: Bahadır Vəlibəyov, Ağahüseyn Əlihüseynov, Cəbrayıl Cəbrayılzadə, Xəlil Əfəndiyev, Əliabbas Əliyev, Hacı Rəhimov, Adil Babayev, Seyfulla Əkbərov, Qambay Məmmədov, Abbas Zamanov, İlyas İsmayılov, İsmət Qayıbov.
1991-1994-cü illərdə Murad Babayev, İxtiyar Şirin, Əli Ömərov baş prokuror postunu tutublar.
1995-2000-ci illərdə Eldar Həsənov baş prokuror olub.
2000-ci ildən baş prokuror vəzifəsində Zakir Qaralov əyləşir.
Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.
Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.