İqtisadçı Qubad İbadoğlu “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təklifini şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, qanuna yeni maddə əlavə olunması təklif edilir: “Təklifə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxsə gündəlik ödənə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ qanunla müəyyən edilmiş 15 min manatlıq nağd əməliyyat həddinə daxil edilmir”.
İlk baxışdan belə görünür ki, məqsəd kənd təsərrüfatı sektorunda çalışan sahibkarların dolayısı ilə aylıq nağd limitini artırmaqdır. Ancaq belə deyil. Ümumi şəkildə ifadə etsək, dəyişiklikdə əsas məqsəd kənd təsərrüfatı sektorunda əmək hüquqlarının pozulmasına bir növ hüquqi don geyindirməkdir. Bu gün kənd təsərrüfatının istənilən sahəsində çalışan işçilərlə əmək müqaviləsi bağlanmır. Bu isə o deməkdir ki, həmin işçilər Əmək Məcəlləsinin təminat verdiyi bütün hüquqlardan məhrum olurlar.
Məsələnin kökü çox dərindir. Əvvəla, fermer işçilərlə müqavilə bağlamaq üçün ilk növbədə özü vergi orqanlarında qeydiyyata durmalıdır. Ötən ilin sonlarında mərkəzi vergi orqanı kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffalaşdırılması ilə bağlı müəyyən maarifləndirici fəaliyyətlər həyata keçirməyə başladı və bu işlər tezliklə bəhrəsini verdi. Fermerlər zor-xoş qeydiyyatdan keçməyə başladılar. Bu, 2020-ci ildən kənd təsərrüfatı sahəsində işçilərin hüquqlarının qorunması ilə bağlı müəyyən addımların atılmasına ümidlər yaratsa da, təəssüf ki, davamı gəlmədi.
Hazırda təklif olunan dəyişikliyin qəbulu kənd təsərrüfatı sahəsində işçilərin əmək hüquqlarının üzərindən qalın bir xətt çəkmək deməkdir. Sadə şəkildə desək, dəyişiklik qəbul olunsa, fermer hüquqi əsasdan çıxış edərək mövsümi cəlb etdiyi işçilərlə əmək müqaviləsi yox, mülki hüquqi xarakterli müqavilə bağlamağa səlahiyyətli olacaq. Bu o deməkdir ki, işçilər Əmək Məcəlləsinin verdiyi təminatlardan faydalana bilməyəcək, fermerlə işə cəlb edilən fiziki şəxslər arasında münasibətlər Mülki Məcəllə ilə tənzimlənəcək.
Bu nə deməkdir? Əvvəla, kənd təsərrüfatında çalışan (məsələn, üzümçülükdə, pambıqçılıqda) işçilərin zəhərlənmə (üzümə və pambığa bir neçə dəfə dərman vurulur), ilan vurması, günvurma kim bədbəxt hadisələrdən icbari sığortası olmayacaq. Yəni iş yerindəki bədbəxt hadisəyə görə fermer məsuliyyət daşımayacaq.
İşçi əmək məzuniyyətindən, digər məzuniyyətlərdən istifadə edə bilməyəcək, iş vaxtının, nahar fasiləsinin tənzimlənməsi həyata keçirilməyəcək.
Haqlı bir sual meydana çıxır ki, fermerlərin əksəriyyətinin vergi orqanlarında qeydiyyatı yoxdursa, onda bu dəyişikliyin nə əhəmiyyəti var? Axı söhbət vergi ödəyicisi olan fermerlə vergi ödəyicisi olmayan fiziki şəxs arasındakı münasibətlərdən gedir.
Elə məsələ də bundadır ki, dəyişiklik heç də xırda fermerlərə üstün hüquqların tanınması məqsədilə hazırlanmayıb.
Hazırda fermer – işçi münasibətlərinin necə qurulmasına pambıqçılıq sektoru üzərindən nəzər salaq. Pambıq əkmək istəyən şəxs (onun vergidə uçota durması tələb olunmur) rayonda fəaliyyət göstərən tədarük şirkətlərinin biri ilə müqavilə bağlayır. Müqavilə əsasında pambıq əkən kəndlinin bütün xərcləri həmin tədarük şirkətindən ödənir. Bura gübrədən, şumdan tutmuş alağın edilməsinə, pambığın yığılmasına, daşınmaya qədər bütün xərclər daxildir. Məsələn, fermer yığılan pambığı həmin günün sonunda tədarük şirkətinin qəbul məntəqəsinə təhvil verir. Kondisiyalı (təmiz) çəki müəyyənləşdikdən sonra vəsait fermerin adi kart hesabına köçürülür. Məntiqlə fermer vergi ödəyicisi olmadığı üçün onun VÖEN hesabı da ola bilməz. Fermer vəsaiti kartdan nağdlaşdırır və pambıqyığanların pulunu ödəyir.
Göründüyü kimi, indi təklif olunan dəyişikliyin bu sxemdə tətbiqi mümkünsüzdür, çünki pambıq əkən kəndlinin (bu, çuğundur əkən də ola bilər, kartof əkən də) vergi qeydiyyatı yoxdur. Vergidə uçot yoxdursa, vəsaitin hərəkətinə nəzarət də yoxdur.
Bəs onda bu dəyişikliyin kimlərə münasibətdə tətbiq olunması planlaşdırılır? Əsl sual da elə budur! Hazırda 153 min hektar ərazidə 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir. 109 min hektar ərazidə 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş daha 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və tikinti-quraşdırma işləri həyata keçirilir. Bu aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb. Dövlət dəstəyi ilə aqroparkların yaradılması məmur sahibkarlığının və inhisarçılığın bariz nümunəsidir. Qeyd olunan dəyişiklik də məhz bu aqroparklarda və iri məmur təsərrüfatlarında mövsümi çalışan işçilərə şamil olunacaq.
Maraqlıdır ki, mülki hüquqi xarakterli müqavilələrlə çalışanların vergi və sosial öhdəliyi kifayət qədər böyükdür. Belə müqavilə ilə çalışanlar 25 faiz məcburi dövlət sosial sığorta haqqı, ödəmə mənbəyində 14 faiz vergi ödəməlidirlər. Bu vergi və sosial öhdəliyin tutulub ödənməsi məsuliyyəti müqavilənin əsas tərəfi kimi iş təqdim edən vergi ödəyicisinin üzərindədir. Təklif olunan dəyişiklik qüvvəyə minərsə, inhisarçı kənd təsərrüfatı istehsalçıları bir gülləylə iki dovşan vuaracaqlar: işçilərə olunan ödənişi öz xərclərinə daxil etdiklərindən ödədikləri qədər mənfəətlərini azaldacaq, üstəlik, tarlalarında çalışdırdıqları işçilərin əmək hüquqlarına təminat vermək öhdəliyindən həmişəlik qurtulacaqlar.
Mülki hüquqi xarakterli müqavilələrin rəsmiləşdirilməsi kənd təsərrüfatında mövsümi işlərdə çalışanların hesabına rəsmi işsizlərin sayını da əhəmiyyətli şəkildə azaldacaq”.