Jurnalist, “Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir cərimələnib. Novator.az-ın məlumatına görə, o, “Facebook”da yazır ki, aprelin 28-də AXCP sədri Əli Kərimlinin 55 illik yubileyi ilə bağlı yazı hazırlamaq üçün onun evinə getmək istəyib.
Əli Kərimli Bakının Süleyman Rəhimov küçəsində yaşayır.
Səadət Cahangir Əli Kərimlinin evinə AXCP Ali Məclisi sədrinin müavini İradə Nərimanla getdiyini bildirir: “Təxminən gündüz saat 12-də evin blokundan içəri girmək istədikdə mülki geyimli 4 nəfər üstümüzə cumdu. Özlərini təqdim etmədən onlarla getməli olduğumuzu bildirdilər. İsrarla özlərini təqdim etmələrini istəsək də, nəticə olmadı.
Bizi Nəsimi rayonundakı 21-ci polis bölməsinə apardılar. Saat 16-ya kimi orada saxladılar, protokol tərtib etdilər, mənim jurnalist vəsiqəm, İradə Nərimanın isə evdən çıxmaq üçün SMS-lə aldığı icazəsi olmasına baxmayaraq hər ikimizi karantin rejimini pozmaq adı ilə 100 manat cərimə edərək buraxdılar”.
Cərimə olayını pisləyən AXCP bəyan edib ki, bu, Əli Kərimlinin təcrid vəziyyətində saxlanmasının ən yüksək səviyyədə verilən göstərişlə təşkil olunduğunu təsdiqləyir. Partiyanın aprelin 29-da yaydığı açıqlamada qeyd olunur ki, Əli Kərimli 16 gündür blokada şəraitində saxlanır: “Hazırda onun telefonları fasilələrlə işləsə də, interneti hələ də kəsilidir. Bu müddətdə AXCP sədri ilə canlı ünsiyyətə də dəfələrlə mane olublar. Onun yaşadığı binanın blokunun qarşısında qeyri-rəsmi polis postu qurulub, bu müddətdə Əli bəyə baş çəkməyə getmək istəyən AXCP fəalları saxlanıb, inzibatı həbsə məhkum edilib.
Hakimiyyət Əli bəyi cəmiyyətdən təcrid etmək prosesinə aprelin əvvəllərindən başlayıb. Aprelin 8-i axşam saatlarında onun köməkçisi Faiq Əmirli yaşadığı evin həyətindən zorla aparılıb və aprelin 9-da ona 30 sutka inzibati həbs cəzası verilib.
Aprelin 9-da AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov da hərəkət üçün icazəsi olmasına baxmayaraq saxlanıb və 30 sutka inzibati həbsə məhkum edilib.
Bu iki həbslə AXCP sədrinə texniki problemlərinin həllində və fəaliyyətini əlaqələndirməkdə xeyli çətinlik yaradılıb.
Aprelin 13-də “Osmanqızı TV” internet kanalına canlı yayımla verməli olduğu müsahibəyə 10-15 dəqiqə qalmış Əli bəyin evində və həm özünün, həm də həyat yoldaşının mobil telefonlarında internet söndürülüb. Aprelin 14-də evdə internet bərpa olunub, lakin Əli bəy “Osmanqızı TV”yə müsahibə üçün yenə cəhd edəcəklərini bildirəndən sonra evdə interneti kəsiblər və bir daha bərpa etməyiblər.
AXCP sədri istifadəçisi olduğu provayder şirkətindən taksi sürücüsü kimi sərbəst hərəkət icazəsi olan AXCP fəalı İslam İslamzadə vasitəsilə yeni modem alıb, quraşdırmağa çalışıb, lakin yeni modem işləməyib və şirkətin evə gələn əməkdaşı da buna şahidlik edib. Şirkətin əməkdaşı hər iki modemi yoxlamaq üçün şirkətə aparıb, 3 gün ərzində cavab veriləcəyini bildirib. Lakin heç bir cavab verilməyib.
AXCP sədri onunla bağlı internet təminatı öhdəliklərini yerinə yetirməyən provayder şirkətini və abunəçisi olduğu “Azercell” şirkətini məhkəməyə verib.
Aprelin 16-da AXCP sədrinin digər mühafizəçisi Niyaməddin Əhmədov hərəkət icazəsi olduğu halda saxlanıb və 30 sutka inzibati həbsə məhkum edilib. Niyaməddin Əhmədov həmin gün öz istəyi ilə Əli bəy üçün bazarlıq edərək onlara aparıb və onun yaşadığı binadan çıxarkən saxlanıb.
AXCP sədrinə yeni modem alıb gətirmiş İslam İslamzadə də aprelin 17-də saxlanıb və aprelin18-də məhkəmə qarşısına çıxarılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 17-də AXCP sədrindən müsahibə almaq üçün onlara gedən “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli də binanı tərk etdərkən tutularaq Xətai Rayon Polis İdarəsinə aparılıb, 6 saata yaxın orada saxlanıb.
Aprelin 20-də “Azad Söz” internet kanalının əməkdaşı Teymur Kərimov AXCP sədrindən alınmış müsahibənin yaddaş kartını media qurumuna çatdırmaq istəyərkən mülki geyimlilərin hücumuna məruz qalıb, döyülüb, onun avadanlıqları sındırılıb, müsahibənin olduğu yaddaş kartı əlindən alınıb”.
AXCP sədri təcridetmə əməliyyatından yazıb
Əli Kərimli yenə internetsiz qalıb