Müvəqqəti inzibatçı təyin edilmiş 4 bankdan 2-nin taleyinə qərar verildi. Mərkəzi Bank “Atabank”la “Amrah Bank”ın lisenziyalarını geri aldı. Novator.az-ın məlumatına görə, bununla bağlı şərh yayan iqtisadçı Samir Əliyev qeyd edir ki, istənilən bankın bağlanması əmanətçilərin narahatlığına gətirir: “2019-cu ilin sonuna “Amrah Bank”ın depozit portfeli 175,2 milyon manat olub. “Atabank”ın depozit portfelinin həcmi barədə son məlumat 2019-cu il oktyabrın 1-nə olan müddəti əhatə edir – 286,3 milyon manat. Bu hesabla bankların ümumi depozit həcmi 460 milyon manat civarındadır.
“Əmanətlərin tam sığortalanması haqqında” qanunun tələbinə görə, hər iki banka yatırılmış əmanətlərə dövlət zəmanəti verilib. İllik faiz dərəcəsi milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yüksək olmayan əmanətlərdən söhbət gedir. Qorunmayan əmanətlərin taleyi isə bağlanmış bankların debitor və kreditor borclarının nisbətindən, həmçinin mülkiyyətində olan əmlakların dəyərindən asılıdır.
Mərkəzi Bankın rəhbəri bildirib ki, “Atabank”la “Amrah Bank”dakı əmanətlər sabit banklardan birinə köçürüləcək, əhali həmin bankda pulunu saxlamaq və ya götürməklə bağlı qərar verə bilər. Təbii ki, əmanətçilərin əksəriyyətinin qərarı vəsaitlərini agent bankdan geri çəkib ya digər banklara yerləşdirmək, ya da yastıq altına yığmaq olacaq. Bu hadisə digər banklardan da əmanətlərin geri çəkilməsinə gətirib çıxaracaq. Əhali yenidən gözləmə mövqeyinə keçəcək.
Milli valyutada olan əmanətlər manatla, xarici valyutada olan əmanətlər xarici valyutada ödənir. Əmanətlər həm milli, həm də xarici valyutada olarsa, bir əmanət kimi manatla verilir. Ölkə üzrə ümumi depozitlərdə xarici valyutanın payının 60% olmasını nəzərə alsaq, iki bank üzrə xarici valyuta depozitlərinin həcminin təxminən 280 milyon manatının xarici valyutada, daha konkret desək, ABŞ dollarında olduğunu təxmin etmək mümkündür. Dollar əmanəti yatırmış müştəri onu həmin valyuta ilə götürəcək, bu isə dollara tələbatı artıracaq.
İdeal vəziyyət əhalinin əmanətləri geri çəkməməsi, agent bankda ən azı müqavilə müddəti bitənədək saxlaması olardı. Bunun üçünsə dövlət müəyyən stimullaşdırma tədbirlərinə getməlidir. Agent bankda əmanətlərin faiz dərəcəsinin aşağı olması ehtimalı yüksəkdir. Bu isə əhaliyə sərfəli deyil.
Hökumətin iki mexanizmdən birini tətbiq etməsi mümkündür: məcburi və həvəsləndirici. Məcburi addım olaraq agent banka köçürülən əmanətlərin müqavilə şərtləri köhnə bankda olduğu kimi saxlana bilər. Yəni vəsait köçürülsə də, müqavilə müddəti bitənədək əmanətin bankdan götürülməsi qadağan edilir. Əmanətçi əmanətini götürürsə, bu, vaxtından əvvəl götürülmüş əmanət kimi qiymətləndirilir və cərimə tətbiq edilir.
Hökumət müqavilədə göstərilən faiz dərəcəsinin saxlanmasını (agent bankda faiz dərəcəsi aşağıdırsa) təmin etməlidir. Buna illik faiz dərəcəsini subsidiyalaşdırmaqla nail ola bilər.
İkinci mexanizmdə isə dövlət əmanətlərin agent bankda qalmasının stimullaşdırmaq üçün həmin əmanətlərin faiz dərəcəsini müddət bitənədək illik 2-3% bəndi səviyyəsində (xarici valyuta üzrə 1%) subsidiyalaşdırır və seçimi əmanətçinin ixtiyarına buraxır.
Bu addımlar atılarsa, Əmanətlərin Sığortalanması Fondunun əlavə vəsait cəlbinə ehtiyac qalmaz və insanlar əmanətin batması baxımından narahatlıq keçirməz”.