Mərkəzi Bankın İdarə Heyəti aprelin 28-də “Atabank” və “Amrah Bank” banklarının lisenziyalarını ləğv edib.
Aprelin 27-də bu iki banka, həmçinin “AGBank” və “NBCBank” banklarına müvəqqəti inzibatçılar təyin olunub. “Banklar haqqında” qanuna əsasən, müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankı maksimum 9 ayadək idarə etməlidir. Mərkəzi Bank yekunda ödəmə qabiliyyətini itirmiş bankla bağlı beş qərardan birini verə bilər: bankın sağlam banka qoşulması; bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsi; körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması; bankın investora satılması; bankın ləğvi.
“Atabank” və “Amrah Bank” banklarının lisenziyalarının ləğvi ilə bağlı rəsmi məlumatda qeyd olunur ki, bu qurumların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb: “Xüsusən “Atabank” uzun müddətdir əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Mərkəzi Bankın hər iki bankda apardığı yoxlamalar nəticəsində məlum olub ki, onlar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itirib və müflis vəziyyətinə düşüb. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılıb və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunub, lakin onlar bu imkandan istifadə etməyiblər”.
Açıqlamaya əsasən, bu iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində payı 3%-dir.
Mərkəzi Bank lisenziyaların ləğvini bankların məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, habelə cari fəaliyyətlərində nöqsanlarla bağlayıb, onların müflisləşmə yolu ilə ləğvi üçün məhkəməyə üz tutub.
Mərkəzi Bank əlavə edib ki, “Atabank” və “Amrah Bank” Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri tam ödənəcək.
Azərbaycanda “AGBank”, “Atabank”, “Amrah Bank”, “NBCBank” banklarından əlavə daha 26 bank var.
Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb.
2020-ci il martın 1-nə ölkədə 8 milyard 694,4 milyon manatlıq əmanət rəsmiləşib.