Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi 2020-ci ilin geridə qalan dövrünə dair sosial-iqtisadi hesabat yayıb.
Novator.az bildirir ki, rəsmi məlumata görə, yanvar-mart aylarında ümumi daxili məhsul istehsalı 548,3 milyon manat olub, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur: “Hər bir nəfərə düşən ümumi daxili məhsul 1192,1 manat həddində rəsmiləşib, ümumi daxili məhsulun tərkibində ilk yeri 31,3 faizlik payla sənaye sahəsi tutub.
2019-cu ilin ilk rübü ilə müqayisədə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 2,5 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 2,1 faiz artıb.
Yanvar-mart aylarında muxtar respublikada 251,7 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Əsas kapitala 189,4 milyon 403 min 700 manat vəsait yönəldilib, 68 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir edilib.
Üç ayda bir il öncəyə nisbətən 2,5 faiz çox – 29,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Sahibkarlara 12,1 milyon manat kredit verilib. Kreditin 7,3 milyon manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 4,8 milyon manatı fərdi sahibkarlığın inkişafına sərf olunub.
Muxtar respublikada 383 növdə məhsul istehsal edilir, 350 növdə məhsula tələbat tamamilə yerli imkanlar hesabına ödənir.
Yanvar-fevral aylarında orta aylıq əməkhaqqının məbləği 504,5 manat təşkil edib, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 16,5 faiz çoxdur.
Birinci rübdə muxtar respublikada 188 yeni iş yeri yaradılıb.
Üç ayda muxtar respublikanın xarici ticarət dövriyyəsi 70,9 milyon ABŞ dollar dəyərində olub. Xarici ticarət dövriyyəsinin 53,5 milyon dolları ixracın payına düşüb”.