Koronavirus pandemiyasının Azərbaycanın sosial-iqtisadi həyatına mənfi təsirinin azaldılması ilə bağlı hökumət planının bir istiqaməti də işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsidir.
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən, dövlət qurumlarından bu ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə düşmür:
– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
– əmək pensiyaçılarına;
– aylıq müavinət alanlara;
– aylıq təqaüd alanlara;
– özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
– işsizlikdən sığorta ödənişi alanlara;
– peşə hazırlığına görə təqaüd alanlara;
– 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
– əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya rəsmi aktiv əmək müqaviləsi bildirişi olanlara;
– əri və ya arvadı ünvanlı dövlət sosial yardımı və 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya alan şəxslərə.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 aprel məlumatına görə, 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca daha 200 min şəxs ödəniş alacaq.
Novator.az bildirir ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu özünün “Facebook” səhifəsində hökumətə 190 manatlıq ödəniş məsələsi barədə suallar ünvanlayıb:
– Aprel ayında nə qədər işsiz qeydiyyata alınıb, neçə nəfər işaxtaranın işsiz kimi qeydiyyatından imtina edilib? Hazırda ölkədə nə qədər işsiz var?
– Birdəfəlik yardım üçün müraciət edənlərin sayı nə qədərdir, onların neçə faizinə yardım verilib? Yardım alanların siyahısı ilə tanış olmaq mümkündürmü?
– İşsiz statusuna bağlı olan birdəfəlik yardım ödənişində məhdudlaşdırıcı normalar nədən şəxsə deyil, ailəyə münasibətdə tətbiq edilir? Aztəminatlı işsizlər nə deməkdir? Belə termin hansı qanunvericilikdə təsbit olunub?
– Hansı qanuni əsasla adına əmlak olan, kənd təsərrüfatı üçün yararlı torpağı olmayan işsiz şəxslərə birdəfəlik yardım ödənmir? Bu hansı qanunla tənzimlənir?
– Ayda 80 manat müavinət alan Qarabağ müharibəsi iştirakçıları, əlilliyi olanlara baxmaq üçün 50 manat müavinət alan işsiz şəxslər, 130 manat qocalıq müavinət alan adamlar, ayda maksimum 60 manat müavinət alan məcburi köçkünlər, ailə başçısını itirməyə görə 80 manat alanlar, əlilliyi olan şəxslər hansı sosial ədalət prinsipinə görə, birdəfəlik yardım almaqdan kənarlaşdırılıb?