Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu koronavirus pandemiyasının sosial həyata təsirini azaltmaq üçün hər bir Azərbaycan vətəndaşına 250 manat neft pulu ödənməsini təklif edir. Novator.az-ın məlumatına görə, o yazır ki, adambaşına minimum əməkhaqqı məbləğində ödəniş üçün Dövlət Neft Fondunun 70,2 milyard manatlıq aktivlərinin 3,5 faizi – 2,5 milyard manatı tələb olunur: “İşsizlər üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik yardım effektli olmadı, məhdudlaşdırıcı normalar və idarəçilik problemləri bu yardımı ehtiyacı olanların hamısına çatdırmağa imkan vermədi. Şəffaflıq və hesabatlılığın olmaması açıqlanan rəqəmlərə şübhələr doğurdu.
Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4 nəfər olduğuna görə 250 manatlıq yardım hər ailəyə 1000 manat çatdırılmasını təmin edə və ehtiyacı olanlara əhəmiyyətli dəstək verə bilər. Həm də hər bir vətəndaş hiss edər ki, ona da neft və qaz gəlirlərindən pay düşüb.
Böhrandan çıxış konsepsiyalarına görə, bir çox ölkə iqtisadiyyatda məcmu tələb və təklif arasında tarazlığı qorumaq üçün təbii resurslardan gələn gəlirləri tənəzzül dövründə daha çox xərcləyir. Məsələn, Qazaxıstanda 2011-ci ildən qüvvədə olan fiskal qaydaya əsasən, hər il Milli Fonddan büdcəyə orta hesabla 8 milyard dollar köçürülməlidir. Hökumət bu məbləği iqtisadi tənəzzül dövründə 15 faizə qədər artıra, iqtisadi artım dövründə 15 faizə qədər azalda bilər.
Adambaşına ödənəcək 250 manatın dərhal istehlaka yönələcəyini nəzərə alsaq, onun xərclənməsi zamanı hesablanan dolayı vergilər (əlavə dəyər vergisi və aksiz vergiləri) hesabına büdcəyə əlavə daxilolmalar baş verəcək, bu da büdcə gəlirlərinin artımına gətirib çıxaracaq. Hesablamalar göstərir ki, ayılacaq 2,5 milyard manatın 20 faizə qədəri, 500 milyon manatı büdcəyə və Dövlət Sosial Müdafiə Fonduna ödəmələr kimi geri qayıdacaq.
Tədavülə 2,5 milyard manat əlavə vəsaitin çıxması fiskal ekspansiya siyasətini genişləndirəcək, onun ticarət və xidmət sektorunda xərclənməsi ölkədə məcmu tələbi artırmaqla istehsalçıların və idxalatçıların fəaliyyətini stimullaşdırmaqla böhrandan çıxışa müsbət impuls verəcək.
Dövlət Neft Fondunun əlavə 1,5 milyard dolları valyuta bazarı vasitəsilə 2,5 milyard manata çevirməsi milli valyutanın mövqeyini möhkəmləndirəcək.
Dünya maliyyə bazarlarında səhmlərin və digər aktivlərin itkisinin çoxaldığı indiki şəraitdə fondun aktivlərinin bir hissəsinin geri çəkilərək bu məqsədlə istifadəsi həmin məbləğdə aktivlərin dəyərsizləşmə riskini aşağı salacaq”.
Dövlət Neft Fondunun rəsmi hesabatına görə, 2020-ci ilin birinci rübün sonuna qurumun aktivləri 41 milyard 349,5 milyon ABŞ dollarına bərabər olub. Vəsaitlərin xarici valyutalar üzrə bölgüsü belədir:
ABŞ dolları – 66% (bunun 12,8%-i qızıl investisiyalardır)
avro – 22,9%
İngiltərə funt sterlinqi – 4,8%
yapon yeni – 1,5%
Çin yuanı – 1,2%
Türkiyə lirəsi – 0,8%
Avstraliya dolları – 0,5%
Cənubi Koreya vonu – 0,5%
Rusiya rublu – 0,5%
digər valyutalar – 1,3%.
İnvestisiya portfelinin 68,7%-i istiqrazlar və pul bazarının, 12,4%-i səhmlərin, 6,1%-i daşınmaz əmlakın, 12,8%-i qızılın payına düşür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmən işsiz kimi qeydə alınan və koronavirus pandemiyası dövründə tətbiq olunmuş xüsusi karantin rejimi üzündən işini itirən aztəminatlı şəxslərə 190 manatlıq birdəfəlik ödəmə proqramı icra edir. Aprelin 27-də yayılan hesabata görə, 400 min şəxsə birdəfəlik ödəniş təyin olunub, daha 200 min şəxsə yardım edilməsi nəzərdə tutulur.