Daha iki AXCP üzvü inzibati həbs cəzası alıb. “Turan”ın məlumatına görə, aprelin 22-də Xəzər Rayon Məhkəməsi Əvəz Əhmədova, Suraxanı Rayon Məhkəməsi isə Arif Babayevə 30 sutka iş kəsib. Əvəz Əhmədovun polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda, Arif Babayevin internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsində təqsirli bilindiyi qeyd olunur.
AXCP sədri Əli Kərimli açıqlama yayaraq qeyd edib ki, hakimiyyət repressiyanı gücləndirməklə partiyanın mübarizə əzmini sarsıda, cəbhəçilər tutduqları haqq yolundan döndərə, cəmiyyətdə qorxunu tam bərqərar edə bilməz: “Cəmiyyətdə qıcıq yaradan, gərginliyi və hakimiyyətə nifrəti artıran bu siyasətdən nə qədər tez imtina olunsa, dövlətimizin də, xalqımızın da, elə iqtidarın özünün də bir o qədər xeyrinə olar. Repressiyalar dərhal dayandırılmalı, bütün günahsız həbs olunmuş fəallar, siyasi məhbuslar azad olunmalıdır”.
Novator.az bildirir ki, son vaxtlar daha 8 AXCP fəalı tutulub, 2 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikova karantin rejimini pozmaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.
Aprelin 8-i AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli Bakıda tutularaq karantin rejimi qaydalarını pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 9-u AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov Bakıda tutularaq karantin rejimi qaydalarını pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 10-u Nicat Abdullayev Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 13-ü Baba Süleyman Bakıda tutularaq karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 16-sı AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 17-si Abşeron rayonunda Vüqar Əbilova 20 sutka inzibati həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Aprelin 18-i Bakıda İslam İslamzadəyə karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 30 sutka inzibati həbs cəzası kəsilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.