İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi sahəsində planlanan dəyişikliklər barədə açıqlama yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, Vergi Məcəlləsində dəyişikliklər layihəsində koronavirus pandemiyasından bilavasitə zərər çəkən sahələrin 2020-ci il üçün əmlak və torpaq vergisindən tam azad olması, onlara mənfəət vergisi üzrə 75 faizlik güzəşt verilməsi nəzərdə tutulur: “Ölkə daxilində sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, habelə ictimai iaşə fəaliyyəti göstərən subyektlər üçün sadələşdirilmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi 50 faiz azaldılacaq.
Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin 2020-ci ildə 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin təxirə salınması və 2020-ci ildə bütövlükdə mənfəət (gəlir) vergisi üzrə arayışların və ödəmələrin ləğvi təklif olunur. 2019-cu ilin nəticələri üzrə mənfəət (gəlir) vergisinin bəyannamələrinin təqdim olunması və ödənişlərin 1 sentyabr 2020-ci ilədək təxirə salınması planlaşdırılır.
Layihəyə əsasən, mikro sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi öhdəlikləri 50 faiz aşağı salınacaq. Həmin subyektlərin 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş, mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlar verməsi və hesablanmış verginin büdcəyə ödəməsinə də 1 sentyabr 2020-ci ilə kimi tətil veriləcək.
Sahibkarın pandemiyanın qarşısının alınması ilə bağlı profilaktik tədbirlərə və dezinfeksiyaya çəkilən xərclərinin gəlirdən çıxarılması da Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər sirasındadır.
“Sosial sığorta haqqında” qanuna da dəyişikliklər hazırlanıb. Sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər üzrə sosial sığorta dərəcəsinin azaldılması təklif edilir. Hazırda xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən fərdi sahibkarların büdcədənkənar dövlət fonduna ödədiyi sosial sığortanın dərəcəsi tikinti və ticarət sektorunda minimum əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi həddindədir. Pandemiyanın sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı çətinliklər nəzərə alınaraq 1 yanvar 2021-ci ilədək tikinti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində sosial sığorta yükünün 25 faizə, digər sahibkarlıq subyektlərində isə 15 faizə endirilməsi nəzərdə tutulur. Qanun layihəsində 2021-ci ildən sonra da sahibkarlıq subyektlərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı müddəalar var.
1 yanvar 2021-ci ildən 2026-cı ilədək olan dövr ərzində fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirən subyektlərin də sosial sığorta yükünün aşağı salınması təklif edilib. Tikinti sektorunda sosial sığorta yükü 50 faiz saxlanıb, digər sahibkarlıq sahəsində fəaliyyət göstərən subyektlərdə isə sosial sığorta yükü 25 faizə endirilib. Sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ərazidən asılı olaraq fərqin tətbiqi də nəzərdə tutulur”.