Aprelin 23-də brent markalı neftin barreli 22,51 dollara, layt markalı neftin barreli 15,36 dollara, Azərbaycan nefti “AzəriLayt”ın barreli 16,61 dollara satılır. Xəbəri AZƏRTAC yayıb.
Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya əsasən, bu ilin may-iyun aylarında Azərbaycan gündəlik neft hasilatını 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə 620 min barrel həcmində saxlamalıdır.
Neft mart ayından başlayaraq dünyanı bürüyən koronavirus xəstəliyi fonunda tələbatın azalması üzündən kəskin ucuzlaşıb.
Novator.az-ın məlumatına görə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn özünün “Facebook” səhifəsində hökuməti həm əhalinin, həm də müəssisə və təşkilatların vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün daxili bazarda enerji məhsullarını – benzini, dizel yanacağını, elektrik enerjisini və təbii qazı ucuzlaşdırmağa çağırıb. “Neftin qiymətinin kəskin düşməsi bir-iki aylıq məsələyə oxşamır. Nə üçün neftimizi xaricilərə sudan da ucuz sataq? Olmazmı həmin nefti dövlət özü alsın? Strateji xarakterli ehtiyatların saxlanması üçün rezervuarlar yoxdur? Yoxdursa, necə sürətlə yaratmaq olar?
Əhalimizə enerji məhsullarını ucuz satıb büdcənin və müəssisələrin zərərini kompensasiya etmək olmazmı? Azərbaycanda ucuz enerji nə qədər xarici investisiya cəlb edə, yerli istehsalın rəqabət qabiliyyəti nə qədər arta bilər? Bu sahədə olduqca ciddi iqtisadi, maliyyə, marketinq problemləri, həm də şanslar var, hökumət bunun üzərində işləməlidir”.
Hazırda Azərbaycanda ən ucuz benzinin litri 90 qəpik, dizel yanacağının litri 60 qəpikdir, 1 kilovat-saat elektrik enerjisinin qiyməti 7-11 qəpik, təbii qazın bir kubmetri 10-20 qəpik arası dəyişir.
1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.