Ali Məhkəmənin Plenumu 23 aprel iclasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn qərar qəbul edib. Novator.az-ın məlumatına görə, qərarda Azərbaycanın bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması məsləhət görülüb.
Məhkəmələrə həmçinin inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub.
Xüsusi karantin rejimi 4 may 2020-ci ilədək qüvvədədir.