Bakuresearchinstitute.org saytında iqtisadçı Rövşən Ağayevin “İqtisadi böhran təhlükəsi: biznesin resursları və riskləri” adlı təhlili dərc olunub. Ekspert yazır ki, ev təsərrüfatları 2015-ci ilin iqtisadi böhranını daha yüksək immunitetlə qarşılamışdı: “Həmin böhran milli valyutanın kəskin dəyər itirməsi, ölkədən 12 milyard dollara yaxın həcmdə kapital qaçışı, bankların təxminən dörddə birinin iflası, sektorun ən böyük oyunçusu olan dövlət bankının çökməsi, qısa müddətdə milli gəlirin 3%-dən çox itirilməsi, ən azından 20% fiskal, 50%-ə yaxın monetar daralma ilə yadda qaldı.
Lakin bu böhrana qədər ölkə iqtisadiyyatı son 10 ildə real olaraq 2 dəfədən çox böyümüşdü. Sabit məzənnə və bahalı manat, ucuz idxal və aşağı inflyasiya şəraitində yerli istehsal inkişafdan qalsa da, milli hesablar sisteminə görə həmin dövrdə ev təsərrüfatları öz sərvətlərini əsaslı kapital formasında (əsasən mənzil tikintisi) 10 milyard manata yaxın, banklarda depozit kimi 5 milyard manat artıra bilmişdi.
Rəsmi məlumat əldə edilməsi mümkün olmayan sərvəti də nəzərə alsaq, ev təsərrüfatlarının həmin böhranı hazırkı situasiyadan daha dayanıqlı qarşıladığı aydın görünür. O zaman əhali üçün ən böyük risk əmanətlərində manatın payının yüksək, banklara xarici valyuta formasında borclarının həcminin çox olması idi. 2015-ci il böhranında ev təsərrüfatlarına elə ilk mərhələdə ən ağır iqtisadi zərbə də bank sektoru ilə münasibətlərdən dəydi.
İndi biznes və bank sektoru, eləcə də hökumət yaxın dövrdə dərinləşəcəyi və 2015-ci illə müqayisədə daha uzun davam etməsi ehtimal olunan böhranı hansı resurslara qarşılayır? Hansı risklər var? Mövcud imkan və resursları bu riskləri xəfiflətmək üçün yetərli saymaq olarmı?
2015-ci ilə qədər biznes nağd yığımlara, ehtiyatlarını bank sektorundansa öz kassalarında saxlamağa daha çox üstünlük verib. Bunu depozit statistikasından çox aydın görmək olur: 2014-cü ilin yekununda biznes depozitləri 4 milyard manata yaxın idi, hazırda bu göstərici 3,6 dəfə çox – 14,5 milyard manat təşkil edir. Böyümənin təxminən 2 milyard manatının 2015-ci ilin devalvasiyalarından sonrakı məzənnə fərqindən formalaşdığı məlumdur. Amma məzənnə fərqi nəzərə alınmasa belə, təxminən 3 dəfəlik artımdan söhbət gedir.
2015-ci ilin başlanğıcında biznesin banklara daha böyük həcmdə borcu vardı. Ümumi biznes kreditlərinin həcmi 11,3 milyard manat idi. 2020-ci il martın əvvəlinə isə öhdəlik həmin dövrə nisbətən 2,5 milyard manat və ya 22% azdır.
Borc yükünün azalmasına riski azaldan amil kimi baxmaq olardı. Lakin hazırda biznes kreditlərində valyuta borclarının payı 53,4% (4,7 milyard manat) təşkil edir. 2014-cü ilin sonlarında bu göstərici 28,8% idi.
Yəni devalvasiya olacağı təqdirdə manatın hər 1% dəyərdən düşməsi biznesin banklar qarşısındakı xərclərini 47 milyon manat artıracaq. Beləliklə, biznes 10%-lik devalvasiyada 470 milyon manat, 20%-lik devalvasiyada 940 milyon manat izafi borc yükü qazana bilər.
Daha bir risk depozitlərlə bağlıdır. 2015-ci ilin devalvasiyalarından öncə biznesin manat depozitləri 2,2 milyard manat idisə, hazırda 5,1 milyard manatdır. Yəni istənilən miqyasda devalvasiya 5 il öncəkinə nisbətən 2,5 dəfə çox biznes depozitini dəyərdən sala bilər. Hansısa bankın iflası şəraitində 2015-ci illə müqayisədə risk altına düşəcək biznes depozitlərinin potensial miqyası bir neçə dəfə böyükdür.
Ən nəhayət, biznes 2015-ci ilin devalvasiyalarına və iqtisadi kiçilməsinə iqtisadiyyatın 10 il ərzində real olaraq 2 dəfədən çox böyüdüyü şəraitdə, iqtisadi çökmənin zərbəsini almadan gedirdi. İndi biznes böhrana 2015-ci ildəki ciddi sarsıntı və iqtisadi itkilərin təsiri canından çıxmamış, hələ də iqtisadiyyatın özünün real miqyasını 2014-cü ilin səviyyəsində tam bərpa edə bilmədiyi şərtlər altında daxil olur”.
Novator.az bildirir ki, 2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Son iki ayda Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq məqsədilə karantin rejimi tətbiq olunduğu üçün iqtisadi fəallıq minimuma enib.
Azərbaycanın əsas ixrac məhsulu olan neft mart ayından başlayaraq kəskin ucuzlaşıb. Aprelin 23-də Azərbaycan neftinin barreli 16,61 dollara satılır. 2020-ci il büdcəsində isə neftin qiyməti 55 dollardan götürülüb.