İqtisadçı Qalib Toğrul planlaşdırılan vergi güzəştləri ilə bağlı şərh yayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasına görə, Vergi Məcəlləsində dəyişikliklər layihəsində koronavirus pandemiyasından bilavasitə zərər çəkən sahələrin 2020-ci il üçün əmlak və torpaq vergisindən tam azad olması, onlara mənfəət vergisi üzrə 75 faizlik güzəşt verilməsi; sadələşdirilmiş verginin dərəcəsinin 50 faiz azaldılması; ödəmələr, arayışlar, bəyannamələr üzrə tətillər, “Sosial sığorta haqqında” qanuna dəyişikliklər layihəsində sosial sığorta yükünün azaldılması nəzərdə tutulur.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan Qalib Toğrul qeyd edir ki, pandemiyadan bütün biznes subyektləri zərər görüb, bu səbəbdən hökumətin bəzi güzəştləri bütövlükdə biznesi əhatə edir: “Məcburi dövlət sosial sığorta haqqı yönündə güzəştlər də bu qəbildəndir. Bir çox dəyişikliyin ötən ilin sonunda edilməsi nəzərdə tutulsa da, parlamentin buraxılması “Sosial sığorta haqqında” qanunu yeniləməyə imkan verməmişdi.
2020-ci ilin 1 yanvarından sahibkarların, xüsusilə QHT sektorunda və mətbuatda xidməti müqavilələrlə çalışan mikro sahibkarların ən çox şikayət etdiyi məsələ məcburi dövlət sosial sığorta haqqının sıçrayışlı artımı və regionlar üzrə fərqin ləğvi olmuşdu. Dövlət Vergi Xidmətinin təqdim etdiyi yeni layihədə məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci ildən 1 yanvar 2021-ci ilədək tikinti və ticarət sahələrində 250 manatlıq minimum əməkhaqqının 25 faizi, digər sahələrdə 15 faizi miqdarında hesablanması və regionlar üzrə fərqli faiz əmsallarının tətbiqi təklif olunur. Hazırda müvafiq olaraq minimum maaşın 50 faizi və 25 faizi həcmində ödənişlər qüvvədədir.
Bu hesabla Bakı şəhərində tikinti və ticarət sahələrində çalışanlar 125 manat yox, 62 manat 50 qəpik, digər sahələrdə (o cümlədən QHT və mətbuat sahəsində) çalışanlar 37 manat 50 qəpik ödəyəcəklər. Regionlarda çalışanların yükü daha az olacaq.
Bölgələr üzrə fərqin pandemiyadan sonrakı dövrdə də saxlanması niyyəti sevindiricidir. Təkliflərdə 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqqının tikinti sahəsində minimum əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olması, regionlar üzrə fərqli faiz əmsallarının tətbiqi nəzərdə tutulur.
Başqa mühüm dəyişiklik niyyəti də var. Hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. Bu, çox ağır öhdəlikdir. Təsəvvür edin ki, 30-40 sot pay torpağı olan ailə hər bir üzvünə görə ayda 15 manat ödəməlidir. Ailədə 4 nəfər olanda aylıq ödəniş 60 manat edir, bu da həddən artıq böyük vergi öhdəliyidir.
Təklif edilir ki, öhdəlik torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının bu dərəcələri ilə hesablansın: 5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək – 6 faiz miqdarında; 10 hektardan yuxarı – 10 faiz miqdarında.
Daha bir dəyişiklik anonsu vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükünün optimallaşdırılmasıdır. Təklif olunur ki, sadalanan kateqoriyalar üzrə şəxslərin sosial sığorta yükü əldə etdikləri gəlirlərin (xərclər çıxılmaqla) 10 faizi miqdarında müəyyən edilsin. Hazırda Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi sığorta haqqı ödəyirlər. 20 faizlik sosial öhdəlik çox ağır idi. Onun yüngülləşdirilməsi təqdirəlayiqdir.
Bir təklifim var. Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlərin (fərdi sahibkarlar istisna olmaqla) gəlirlərindən ödəmə mənbəyində tutulan 25 faiz sosial ayırmanın da aşağı salınması yaxşı olar. Çünki belə şəxslər ödəmə mənbəyində 14 faiz vergi də ödəyirlər. Belə şəxslər daha az vergi və sosial ödəniş həyata keçirmək üçün bəzən ildə aşağı məbləğli mövsümi işə görə vergi qeydiyyatından keçirlər. Mövsümi iş bitdikdən sonra isə fəaliyyətlərini müvəqqəti dayandırırlar. Hazırkı VÖEN bolluğunun bir səbəbi də budur”.