Bir qrup ziyalı AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimlinin internet və rabitə problemi ilə üz-üzə qalmasına etiraz bildirib.
Bakının Süleyman Rəhimov küçəsində yaşayan Əli Kərimlinin evində aprelin 13-ü axşamdan internet və telefon rabitəsi kəsilib. Aprelin 14-ü səhər internet və telefon əlaqələri bərpa olunsa da, həmin gün axşamdan eyni problem yaşanır.
Novator.az-ın məlumatına görə, bir qrup ziyalının bu məsələ ilə bağlı bəyanatında deyilir: “Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin internet və telefon əlaqələrindən məhrum edilməsindən çox narahat olmuşuq. Hazırda dünyanın diqqəti koronavirus pandemiyası ilə mübarizəyə cəlb olunub. Azərbaycan da bu virusun yayıldığı, ona qarşı mübarizəyə resurs və enerji sərf etməyə məcbur olmuş ölkələrdən biridir. Lakin belə bir şəraitdə ölkəmizin adı dünya mediasında həm də koronavirusla bağlı vəziyyətdən müxalifətə təzyiq üçün istifadə olunduğu ölkə kimi hallanır. Ölkəmizin indi belə imiclə tanıdılmasına hakimiyyətin məhz bu günlərdə müxalif fəallara qarşı repressiv davranışı səbəb olub və bu, bizdə dərin təəssüf hissi doğurur.
Koronavirusla mübarizə dövrünə girdiyimiz vaxtdan bəri Azərbaycanda 20 nəfərdən artıq ictimai-siyasi fəal repressiyaya məruz qalıb. Onların arasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu kimi çox tanınan siyasətçi də var, jurnalistlər də, vətəndaş cəmiyyəti fəalları da. Əksəriyyəti AXCP üzvləri olan bu repressiya qurbanları ya cinayət işi üzrə, ya inzibati qaydada həbs ediliblər, ya da onlara cinayət işi açılıb. Hüquq mühafizə orqanları və məhkəmələr onları əsas etibarilə törətmədikləri hansısa bir əməldə təqsirli çıxarıblar.
Belə bir vəziyyətdə AXCP sədri Əli Kərimlinin internet və telefon əlaqələrinin kəsilməsi təsadüfi ola bilməz. Aydındır ki, bununla Əli Kərimlini cəmiyyətlə ünsiyyətdən məhrum etmək, onun tənqidi çıxışlarının qarşısını almaq məqsədi güdülür.
Biz eyni zamanda məsələnin humanitar təhdid xarakteri almasından narahatçılığımızı ifadə edirik. Əli Kərimlinin siyasi təqibi müstəvisində internet əlaqələrindən məhrum edilməsi bütövlükdə onun ailəsini təcrid vəziyyətinə salıb. Pandemiyanın geniş yayıldığı iki ölkədə yaşayan övladları ilə kommunikasiya imkanlarından məhrum edilmiş bir ananın vəziyyətini təsəvvür etmək son dərəcədə sarsıdıcıdır. İnternetin kəsilməsi nəticəsində ailənin məktəbli övladının onlayn təhsildən məhrum edilməsinin isə ümumiyyətlə izahı yoxdur. İnternet və mobil telefon şəbəkəsinin sıradan çıxarılması karantin dövründə ailənin dolanışığı üçün ciddi çətinliklər yaradıb.
Dərin təəssüf hissi ilə qeyd edirik ki, ölkəmizdə onsuz da bir çox fundamental hüquqlar məhdudlaşdırılıb. Azad mətbuat boğulub, sərbəst toplaşmaq azadlığı son bir ildə tamamən qadağan edilib, ölkədə 130 nəfərdən artıq siyasi məhbus var, həbs yerlərində dustaqlara, o cümlədən siyasi məhbuslara işgəncə verilməsi praktikası geniş yayılıb, seçki institutu sıradan çıxarılıb, vətəndaş cəmiyyətinə ağır zərbələr vurulub. Belə bir vaxtda biz çox narahatıq ki, azadlıqlar baxımından ölkəmizdə xüsusən də müxalif düşərgə və vətəndaş cəmiyyəti fəalları üçün yeganə nəfəslik olan internet azadlığına da böyük zərbə vurulmuş olacaq.
Biz hesab edirik ki, Əli Kərimlinin internetə çıxış imkanından məhrum edilməsi gələcəkdə hökumətin başqa tənqidçilərinə, müxalif mövqeli ictimai-siyasi fəallara qarşı da tətbiq edilmək üçün presedentə çevrilə bilər. Bu baxımdan biz ölkəmizin gələcəyi üçün narahatlığımızı ifadə edirik. Biz Əli Kərimlinin internet-kommunikasiya əlaqələrini təcili bərpa etməyə çağırırıq və hakimiyyətin bu çağırışı nəzərə almalı olduğunu bildiririk”.
Bəyanatı Cəmil Həsənli, Qubad İbadoğlu, Gültəkin Hacıbəyli, Leyla Yunus, Leyla Əliyeva, Elmira Muradəliyeva, Mehman Əliyev, Şahvələd Çobanoğlu, Çingiz Sultansoy, Arif Məmmədov, Ramiz Yunus, Zaur Əkbər, Güllü Cahangir, Aqil Layıc, Bəxtiyar Hacıyev, Xədicə İsmayıl, Anar Məmmədli, Nəsimi Məmmədli, Fərhad Mehdiyev, Əfqan Muxtarlı, Vidadi Mirkamal, Eldəniz Quliyev, Fuad Ağayev, Namizəd Səfərov, Araz Gündüz, Rafiq Manaflı, Vahid Məhərrəmli, Rövşən Əhmədli, Qənimət Zahid imzalayıb.
Milli Şura da bəyanat yayaraq AXCP sədrinə qarşı tətbiq olunan blokadanı dərhal aradan qaldırmağa, onun internetə çıxışını və mobil rabitədən maneəsiz istifadəsini təmin etməyə çağırıb.
1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində Əli Kərimli ilə yanaşı Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları təmsil olunur.
Tofiq Yaqublu yenə həbsə gedir
Prezident əfv sərəncamı imzalayıb
Müxalif siyasətçilər əfvi yarımçıq sayır
İlkin Rüstəmzadəni polisə çağırırlar
“Koronavirus demokratiyanı öldürə bilməz”
“Azadlıq”ın əməkdaşına cinayət işi açılıb
AXCP sədri təcridetmə əməliyyatından yazıb
Əli Kərimli yenə internetsiz qalıb
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
AXCP üzvünə inzibati həbs cəzası verilib
AXCP üzvü polisin iddiası ilə həbs olundu: 2 il 3 ay