AZƏRTAC-ın 21 aprel məlumatına görə, London birjasında brent markalı neftin barreli 25,44 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 1,60 dollara satılır.
Azərbaycan nefti “AzəriLayt”ın barrelinə 21,30 dollar qiymət qoyulduğu bildirilir.
2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43 dollarla başlayıb.
Neft mart ayından başlayaraq dünyanı bürüyən koronavirus xəstəliyi fonunda kəskin ucuzlaşıb.
İri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) aprelin 12-də gündəlik hasilatı mərhələlərlə azaltmaq barədə yekun razılıq əldə ediblər.
May-iyun aylarında Azərbaycan gündəlik neft hasilatını 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə 620 min barrel həcmində saxlamalıdır.
Aprelin 20-də layt markalı neftin qiyməti mənfi diapazona keçib. Novator.az-ın məlumatına görə, politoloq Azər Qasımlı özünün “Facebook” səhifəsində yazır ki, neftin qiymətinin bu şəkildə düşməsi Azərbaycan üçün yaxın perspektivdə manatın devalvasiyası və inflyasiya deməkdir: “Dünya iqtisadi sistemi isə dərin böhrana girib. Mən yalnız ölkələrin iqtisadiyyatında geriləməni nəzərdə tutmuram. Problem daha dərindir. Neft köpüyü partlayıb! Yaxın zamanda ümumiyyətlə sistemin özünün təftişinə start veriləcək.
Neftdən öncə dünya dəmir, gümüş, qızıl, duz, şəkər qızdırması yaşayıb. Bir çoxları köpük kimi partlayıb ənənəvi qiymətindən min dəfə aşağı qiymətə düşüb. Neft köpüyünü neft hasil edən bəzi ölkələrin və neft maqnatlarının maraqları bəsləyir. Neftin qiyməti siyasidir. Məhz siyasət onun qiymətinin düşməsinə imkan vermir.
Lakin 21-ci əsr texnologiya əsridir. Texnologiyalar da tam yeni iqtisadi-siyasi təfəkkür gətirməkdədir. Bu, inqilabi dəyişikliklər deməkdir!”