Aprelin 20-də Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Novator.az-a danışan vəkil Elçin Sadıqov deyib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrlik etdiyi prosesdə şikayət təmin olunmayıb, Tofiq Yaqublu həbsdə saxlanıb.
Tofiq Yaqublu martın 22-dən həbsdədir. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun rəsmi məlumatına görə, Tofiq Yaqublu martın 22-si saat 15 radələrində idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Bakının Nizami rayonunun Naxçıvanski küçəsində qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə toqquşub.
Tofiq Yaqublunun həmin vaxt avtomobildən çıxaraq Elxan Cəbrayılovla mübahisə etdiyi, nalayiq ifadələr işlətdiyi, yumruqla onun baş nahiyəsinə və vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirdiyi, Elxan Cəbrayılovun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirdiyi vurğulanır.
Martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Siyasətçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
Müdafiəçiləri və Tofiq Yaqublu özü ittihamı qəbul etmir, hadisəni qurama sayırlar.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, Müsavat fəalı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da Müsavat fəalı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqublu yenə həbsə gedir