“Biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”. Aprelin 20-si Bakıda, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir: “Bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Bu, təbii idi. Çünki o vaxt biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək. Hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Azərbaycanın bölgələrində dayanıqlı enerji təminatı nədir, bilmirdilər. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə, bu həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı. Ona görə mənim göstərişimlə birinci regional inkişaf proqramında bu məsələyə çox böyük diqqət göstərildi və biz dərhal işlərə başladıq.
O vaxt regional elektrik stansiyalarının tikintisinə başlamışdıq. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyalarının tikintisi müəyyən dərəcədə imkan yaratdı ki, öz tələbatımızı özümüz təmin edək. Ancaq bununla paralel olaraq yeni elektrik stansiyalarının, böyük elektrik stansiyalarının inşası da nəzərdə tutulurdu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilib. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində.
Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilib – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun generasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə ölkəmizin müxtəlif yerlərində su elektrik stansiyaları tikildi. Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda ixrac potensialı da yaranıb. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik.
Beləliklə, biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu məni çox sevindirir. Bu onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər.
Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi. Hamımızın yadındadır ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza hansı fəsadlara gətirib çıxardı. Ölkəmizi qaranlıq bürüdü. Bu ilk növbədə səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermiş qəza idi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, cəzalandırıldı. Yeni rəhbərlik gətirildi. Yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq. Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var. Ən aşağı rəqəmlər onu göstərir ki, bizim hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var.
Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Bunların arasında ilk növbədə Mingəçevirdəki İstilik Elektrik Stansiyasını qeyd etməliyəm. Çünki bu, ən böyük generasiya gücümüzdür və həmin stansiyada baş vermiş qəza nəticəsində ölkəmiz qaranlığa düçar oldu. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Ümid edirəm ki, yaxın bir neçə ayda bu stansiya tamamilə yenidən qurularaq istifadəyə veriləcək.
Bu stansiyada təkcə bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır. Təsəvvür edin, ancaq bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq. Əgər bunu biz ayrıca bir stansiya kimi götürsək görərik ki, bu, ölkəmizin generasiya gücünə görə ikinci böyük stansiya olacaq, “Cənub” stansiyasından sonra.
Digər elektrik stansiyalarında da bərpa işləri aparılır və əminəm ki, biz bu istiqamətdə öz hədəfimizə çatacağıq”.