AXCP fəalı Zamin (Əlizamin) Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Hökm aprelin 20-si Salyan Rayon Məhkəməsində çıxarılıb.
Novator.az bildirir ki, Zamin Salayev Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.
Bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Həmzə Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
Aprelin 20-si məhkəmə polis kapitanının şikayətini təmin edib. Zamin Salayev Həmzə Əzizova ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqda və onu təhqir etməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Cinayət Məcəlləsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddət azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Zamin Salayev 2019-cu ildə dəfələrlə inzibati həbsdə olub. O, 2020-ci ildə də inzibati qaydada həbsdə yatıb. Yanvarın 13-də Səbail Rayon Məhkəməsi Zamin Salayevi 30 sutkalığa həbs edib. O zaman müdafiəçiləri bildirirdilər ki, Zamin Salayev Salyan rayonunda polis kapitanı Həmzə Əzizovla mübahisə etdiyi üçün qəzəbə tuş gələrək həbs olunub. İddiaya görə, Zamin Salayev Həmzə Əzizovun qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb.
Zamin Salayevin sözlərinə görə, yanvarın 13-də Səbail məhkəməsi onun barəsində inzibati həbs qərarı çıxarandan sonra onu rayondakı 8-ci polis bölməsinə, daha sonra Səbail Rayon Polis İdarəsinə aparıblar və ağır işgəncələrə məruz qoyublar. Gecə onu Binəqədi rayonundakı inzibati həbs məntəqəsinə gətiriblər, amma vəziyyəti ağır olduğuna görə məntəqə onu qəbul etməyib: “Məni Kliniki Tibbi Mərkəzə apardılar. Həkimlər dedi ki, “qrıja” partlayıb, təcili əməliyyat olunmalıdır. Polislər imkan vermədi. İlkin tibbi yardım göstərəndən sonra geri qaytardılar”.
30 sutkalıq həbs başa çatandan bir neçə gün sonra, fevralın 24-də Zamin Salayev əməliyyat olunub. O, martın 1-də xəstəxanadan evə buraxılıb. Martın 2-də keçmiş qonşusu Coşqun Nuriyev ona baş çəkmək adı ilə evinə gəlib. Zamin Salayev mediaya açıqlamasında bu zaman baş vermiş insidenti belə təsvir edib: “O, alkoqollu içki qəbul etmişdi. Nuriyev birdən başını həyət qapısına çırparaq özünə xəsarət yetirdi. Bu zaman çağırılmamış evimə gələn keçmiş qonşumun məqsədini başa düşdüm. Sonradan öyrəndim ki, Coşqun Nuriyev polisə şikayət edib, guya mən ona xəsarət yetirmişəm. Halbuki o, evimə gələndə mən xəstə halda yataqda idim”.
Coşqun Nuriyevin şikayəti əsasında Salyan Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Zamin Salayev aprelin 20-də həbs olunmazdan bir neçə saat qabaq sosial şəbəkədə videomüraciət yayıb. Həmin müraciətində o, bəyan edib ki, 128-ci maddə ilə ona qarşı başlanan cinayət işi üzrə də istintaq hələ davam edir.