İqtisadçı Rövşən Ağayev Azərbaycanın üç aylıq xarici ticarət statistikasına dair şərh yayıb. Novator.az-ın məlumatına görə, ekspert yanvar-mart aylarının xarici ticarət statistikasına əsaslanaraq qeyd edir ki, koronavirusun ağır psixoloji basqıları fonunda vətəndaşların gəlir və iş yeri itkisi ilə üzləşməsi martda bütün gücü ilə hiss olunsa da, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsiri daha çox ikinci rübdən başlayıb.
Rövşən Ağayev ilk rübdə idxalda ötən ilin eyni dövrü ilə müqayisədə 500 milyon dollara yaxın azalma olduğunu vurğulayaraq bunu dövlət sektoru ilə bağlayır: “Ötən il Neft Fondunun qızıl aktivlərinin artırılması üçün dövlət sektorunun idxalı 1,5 milyard dolardan çox artmışdı.
Martda idxal 850 milyon dollar olub. Bu, yanvarla müqayisədə 120 milyon dollar çox, fevralla müqayisədə 220 milyon dollar azdır. Yəni 3 ayın nəticəsinə görə, orta aylıq idxal göstəricisində kəskin azalma yoxdur. Hətta minik avtomobillərinin idxalında 2 dəfə artım olub.
Qeyri-neft ixracında da 14 milyon dollar artım qeydə alınıb.
Neft bazarında aşağı qiymətlərin ticarət balansına təsirini əsasən may ayından görəcəyik. Amma neftin qiymətinin təsiri altında trendin kəskin pisləşdiyi diqqətdən qaçmır: xarici ticarət balansının müsbət saldosu yanvarda 1,4 milyard dollar olub, fevral-mart aylarında 53-107 milyon dollar intervalında dəyişib. Aprel-iyun arasında idxalda kəskin azalma olmasa, mənfi saldo realdır.
Hərçənd artıq mart ayında da eniş olub. Neft-qaz sektorundan daxilolmalar yanvarda 1,9 milyard dollar göstərilib, fevralda 968 milyon dollara, martda 825 milyon dollara enib. Çünki neftin qiyməti artıq yanvardan enməyə başladı və aşağı qiymətlər mart satışlarından daxilolmalarda özünü göstərdi.
Gömrük məlumatlarına əsasən, yanvarda 1 barrel neftin orta ixrac qiyməti 69 dollar, fevralda 63,8 dollar, martda 59 dollar olub. Apreldə hazırkı qiymət dəyişməzsə, orta aylıq qiymət hətta 25 dollar ətrafında ola bilər.
Valyuta bazarındakı mart gərginliyi və ajiotaj hələ ixrac gəlirlərində azalmanın olmadığı dövrdə baş vermişdi. Bu baxımdan ikinci rübdə valyuta bazarının tənzimlənməsi Mərkəzi Bankı daha çox gərginlikdə saxlayacaq”.
Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6,8 milyard dollar həddində rəsmiləşib. Yanvarın dövriyyəsi 2,8 milyard dollar, fevralın dövriyyəsi 2,2 milyard dollara yaxın, martın dövriyyəsi 1,8 milyard dollar göstərilib.
İlk ayda 2,1 milyard dollarlıq ixrac qeydə alınıb. Fevralda ixrac 1,1 milyard dollara, martda 957,3 milyon dollara düşüb.
Dövlət Gömrük Komitəsinin yanvar hesabatında 720, 9 milyon dollarlıq idxal yer alıb, fevralda idxal 1 milyard 66,5 milyon dollara yüksəlib, martda 849,4 milyon dollara enib.