Demokratik Qüvvələrin Milli Şurası bu qurumun Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimlinin təcrid olunmasına etiraz bəyanatı yayıb.
Əli Kərimli aprelin 13-ü və 14-ü “Osmanqızı TV” internet kanalına müsahibə vermək istəyərkən problemlə üzləşib, onun evində internet və telefon əlaqəsi kəsilib.
Bakının Süleyman Rəhimov küçəsində yaşayan Əli Kərimli əvvəllər də oxşar hallarla üzləşdiyini bildirib.
Milli Şuranın bəyanatında qeyd olunur ki, son vaxtlar hakimiyyət dəfələrlə AXCP sədrinin internet və telefon əlaqələrini kəsməklə onu ictimaiyyətdən təcrid edib: “AXCP sədrinə qarşı baş verənlər onun cəmiyyətdə artan nüfuzundan, çıxışlarının ictimai rəyə təsirindən hakimiyyətin narahat olduğunu göstərir. Hakimiyyət bununla bir daha etiraf edir ki, müxalifətlə sivil rəqabət apara bilmir, ictimai rəy uğrunda mübarizəni uduzur.
Milli Şura bildirir ki, Əli Kərimlinin çıxışlarının qarşısını bu sayaq almaq müxalifət liderlərindən birinə qarşı senzuranın tətbiqi olmaqla yanaşı həm də cəmiyyətin azad informasiya almaq hüququna zərbədir.
Milli Şura hakimiyyəti cəmiyyətdə gərginliyi artırmaqdan, özünə qarşı xalqın qəzəbini, beynəlxalq birliyin neqativ münasibətini gücləndirməkdən çəkinməyə səsləyir.
Hakimiyyət qlobal pandemiya ilə mübarizə dövrünü özünə müxalifəti və tənqidçi səsləri tamam sıradan çıxarmaq fürsətinə çevirmək niyyətindən imtina etməlidir.
Milli Şura bəyan edir ki, hakimiyyətin indiki ağır şəraiti fürsət bilib prinsipial müxalifətdən, tənqidçi fikirlərdən canını qurtarmaq niyyəti xülyadan başqa bir şey deyil.
Milli Şura Azərbaycan xalqını hakimiyyətin sayıq olmağa, bütün dinc vasitələrlə hakimiyyətdən fundamental hüquq və haqlarını tələb etməyə səsləyir”.
1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində Əli Kərimli ilə yanaşı Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları təmsil olunur.