Prezident İlham Əliyev geoloji parklar haqqında ümumi əsasnaməni təsdiqləyib. Sənəd dövlətin geoloji parklar yaratması, onların idarə edilməsi və bu qurumlarda fəaliyyət məsələlərini tənzimləyir.
Novator.az bildirir ki, ümumi əsasnaməyə görə, geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statuslu ərazidir. Geoloji parkın ərazisi ölkə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Prezidentin Azərbaycan ərazisində beynəlxalq əhəmiyyətli geoloji parklar müəyyən etmək hüququ var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını aparmaq tapşırılıb.
Geoloji parkların saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, ətraf mühitin mühafizəsi fondlarının vəsaiti, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Əsasnamədə geoloji parkların vəzifələri belə sıralanır: geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq; turizm və rekreasiya üçün şərait yaratmaq; elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək; təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək; əhalini maarifləndirmək; geoloji monitorinqi həyata keçirmək.
Sənədə əsasən, geoloji parkların mühafizə rejiminin pozulmasında təqsirli olan şəxslər İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.