“Yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq”. Aprelin 14-ü 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, 2020-ci il uğurla başlayıb: “İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəla və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər”.
Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə toxunan prezident hökumətə dövlət xərclərinə yenidən baxmağı və prioritet təşkil etməyən xərcləri ixtisar etməyi tapşırıb: “Eyni zamanda vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, bunun hesabına öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq.
Eyni zamanda hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilib, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin”.
İlham Əliyev deyib ki, üç ayda ümumi daxili məhsul 1,1 faiz artıb: “Qeyri-neft sektorunda 3 faizdən bir qədər çox artım var. Sənayenin qeyri-neft sektorunda artım 23 faizdir. İnflyasiya 3 faiz səviyyəsindədir, əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, bu, yaxşı nəticədir.
İlin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil.
Bütün sosial ödənişlər aparılır. Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır”.
Koronavirusla mübarizədən söz açan dövlət başçısı deyib ki, baş nazirin rəhbərliyi altında yaradılan operativ qərargah çox səmərəli işləyir, 24 saat çalışır: “Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq. Vaxtında bu addımlar atılmasaydı, çox ciddi koordinasiya aparılmasaydı, bu gün biz daha da böyük problemlərlə üzləşə bilərdik. Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ vaxtı qabaqlamaq istəmirəm, hələ təhlil aparılır. Karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm operativ qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq”.