Hökumətə əmək haqlarını, sosial müavinətləri və pensiyaları vaxtında ödəmək üçün hər ay orta hesaba 1 milyard 212 milyon manat vəsait lazımdır. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu “Facebook”da paylaşdığı şərhində belə yazır.
Ekspert qeyd edir ki, 2020-ci ilin büdcəsində əməyin ödənişi ilə bağlı xərclərə 6 milyard 721,3 milyon manat, sosial yardımlara 1 milyard 659,6 milyon manat məbləğində vəsait nəzərdə tutulub: “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin əhaliyə ödənişlər üzrə xərcləri 4 milyard 684,7 milyon manatdır. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri isə 128,2 milyon manat təsdiq olunub. Beləliklə, bu il üçün yalnız əməkhaqqı, sosial müavinətlər, pensiya və işsizliyə görə sığorta ödənişlərini maliyyələşdirmək üçün 13 milyard 193 milyon 800 min manat vəsait lazımdır.
Koronavirusla mübarizə və pandemiyanın iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan 1,35 milyard manat məbləğində vəsaiti də nəzərə alsaq, onda 14 milyard 543 milyon 800 min manatla vəziyyətdən çıxmaq olar. Bu, dövlətin ən zəruri və minimum öhdəlikləridir və o deməkdir ki, əmək haqlarını, sosial müavinətləri və pensiyaları vaxtında ödəmək üçün büdcəyə və Dövlət Sosial Müdafiə Fonduna birlikdə hər ay orta hesaba 1 milyard 212 milyon manat vəsait toplanmalıdır.
Neftin indiki qiyməti ilə bu vəsaitin hər ay 212 milyon manatı xam neft ixracatından əldə edilə bilər, yerdə qalan vəsaiti sahibkarlar və istehlakçılar ödəməlidir. Karantin rejimində çalışan yalnız kənd təsərrüfatı və bəzi istehsal sektorudur. Kənd təsərrüfatı sektoru da vergilərdən azaddır. Maliyyə vəziyyəti çox qəlizdir. Odur ki, dövlət başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə hökumətə yeni gəlir mənbələri aşkar etməyi tapşırıb”.