AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli aprelin 13-ü “Osmanqızı TV” internet kanalına müsahibə vermək istəyərkən problemlə üzləşmişdi. O, aprelin 14-də özünün “Facebook” səhifəsində bəyan etmişdi ki, jurnalist Sevinc Osmanqızı aprelin 13-ü saat 22:30-da ondan canlı yayımda müsahibə götürməli imiş: “Müsahibənin başlanmasına 15 dəqiqə qalmış evimdə internet, hətta bütün telefon aparatlarından əlaqə kəsildi. Ətraf aləmlə tam təcrid olundum”.
Bakının Süleyman Rəhimov küçəsində yaşayan Əli Kərimli əvvəllər də oxşar hallarla üzləşdiyini vurğulayaraq qeyd etmişdi ki, aprelin 14-ü səhərdən internet və telefon əlaqələri bərpa olunub və Sevinc Osmanqızı ilə müsahibəni saat 22:30-da etməyə çalışacaqlar.
AXCP-nin bəyanatına görə, aprelin 14-də axşam Əli Kərimlinin mənzilində internet yenidən kəsilib. Partiya hesab edir ki, bu, təkcə müxalif liderə qarşı siyasi senzura deyil, həm də ölkədə yüz minlərlə insanın alternativ fikir eşitmək azadlığına və sivil siyasətə vurulan ağır zərbədir: “AXCP bu məhdudlaşdırmanın ardınca hakimiyyətin daha çirkin planlarının ola biləcəyinə şübhə etmir, Əli Kərimlinin təcrid edilə biləcəyini bildirməklə dünya ictimaiyyətini bu vəziyyətin durdurlması üçün Azərbaycan xalqına dəstək verməyə çağırır”.
Əli Kərimli 1965-ci ildə doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində Əli Kərimli ilə yanaşı Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.