İqtisadçı Samir Əliyev dünya bazarlarında enerjidaşıyıcılarının ucuzlaşmasının iqtisadiyyatı neftdən asılı olan ölkələrin tədiyyə balansına mənfi təsir göstərdiyini yazır. Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan ekspert qeyd edir ki, Rusiya Mərkəzi Bankının hesabatına əsasən, 2020-ci ilin birinci rübündə cari hesablar balansının artıqlığı ötən ilin eyni dövrü ilə müqayisədə 35% azalaraq 33,6 milyard dollardan 21,7 milyard dollara düşüb: “Azalmaya səbəb neftin ucuzlaşması və ixracın azalmasıdır. Bu müddətdə xidmətlərin ixracı ilə yanaşı xidmətlərin idxalı, o cümlədən nəqliyyat xidmətlərinin və turizmin idxalı azalıb.
Maliyyə əməliyyatlarının müsbət saldosu ötən ilin birinci rübünə nəzərən 24 milyard dollardan 17 milyard dollara enib.
Buna baxmayaraq qeyri-rezidentlər qarşısında öhdəliklər və xaricdə maliyyə aktivlərinin yerləşdirilməsi əhəmiyyətli dərəcədə azalıb.
Rusiyanın beynəlxalq ehtiyatları əvvəlki ilin ilk üç ayı ilə müqayisədə 5 milyard dollar artıb. Artım büdcə qaydası çərçivəsində daxili bazardan xarici valyutaların alınması hesabına baş verib”.
Ekspert yazır ki, Azərbaycanda tədiyyə balansının son statistik məlumatı 2019-cu ilə məxsusdur: “2020-ci ilin birinci rübü ilə bağlı məlumat iyun ayında açıqlanacaq. İndidən demək olar ki, cari hesablar balansının artıqlığı 2019-cu ilin eyni dövrü ilə müqayisədə azalacaq. Rəsmi açıqlamalarda bu ilin yanvar-mart aylarında ixrac edilən neftin orta qiymətinin 59 dollar olduğu bildirilir. Deməli, cari hesablar balansında mənfi saldo olmasa da, artıqlıq azalacaq”.
Samir Əliyev neft ölkəsi olmayan Türkiyənin də vəziyyətinə nəzər salıb: “Fevral ayında Türkiyədə cari hesablar balansının kəsiri daha da artıb və 1,23 milyard dollara yüksəlib (2019-cu ilin fevralında 117 milyon dollar olub). İki ay üzrə kəsir ümumilikdə 2,8 milyard dollar göstərilib. Kəsirin artımına səbəb malların idxalının 30,4 milyard dollardan 34,8 milyard dollara yüksəlməsidir. Buna görə də ticarət balansının kəsiri 5,2 milyard dollara qədər artıb.
Birbaşa investisiyalar təkcə fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 129 milyon dollar azalaraq 309 milyon dollara düşüb. Yanvar-fevral ayları üzrə azalma 146 milyon dollardır.
İki ay üzrə göstəricilərə baxsaq, portfel investisiyalarında vəziyyət daha gərgindir. Bu investisiyaların cəlbində 840 milyon kəsir yaranıb. Ötən ilin eyni dövründə 7,7 milyard dollar artıqlıq qeydə alınmışdı.
Ehtiyatlara gəlincə, yanvardakı 2,93 milyard dollarlıq itkini fevralda 3 milyard dollarlıq artım kompensasiya edib və 66 milyon dollarlıq qalıq yaranıb. 2019-cu ilin yanvar-fevral aylarında isə rəsmi ehtiyatlar 6,1 milyard dollar artmışdı”.