Youtube.com-da yayılan “Osmanqızı TV” kanalına müsahibə vermək istəyən AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli problemlə üzləşib. Novator.az-ın məlumatına görə, Əli Kərimli aprelin 14-də özünün “Facebook” səhifəsində yazır ki, jurnalist Sevinc Osmanqızı aprelin 13-ü saat 22:30-da ondan canlı yayımda müsahibə götürməli imiş: “Müsahibənin başlanmasına 15 dəqiqə qalmış evimdə internet, hətta bütün telefon aparatlarından əlaqə kəsildi. Ətraf aləmlə tam təcrid olundum. Aydın oldu ki, hakimiyyət planlaşdırılan müsahibəyə imkan verməmək qərarına gəlib.
Düzü, heç təəccüblənmədim. Son müsahibəmi canlı yayımda izləyənlərin sayı 20 mini keçəndən sonra fikirləşdim ki, hökumətin səbri çatmayacaq, hansısa təxribat edəcək.
Həm də ona görə təəccüblənmədim ki, bu, birinci dəfə baş vermirdi. Son aylarda azı beş-altı dəfə bütün internet və telefon əlaqələrim kəsilib, tam təcrid olunmuşam. Bir qayda olaraq bu təcridetmə əməliyyatı ən həlledici məqamlarda, məsələn, Milli Şuranın 2 noyabr 2019-cu ilə təyin etdiyi mitinq ərəfəsində, 9 fevral 2020-ci ilin parlament seçkisinin səhərisi günü (dünya mətbuatı məndən müsahibələr almaq istəyəndə), beynəlxalq seçki müşahidəçiləri ilə görüşüm nəzərdə tutulan gün və bu kimi günlərdə baş verib. Bütün bu hallar haqda AXCP və Milli Şura rəhbərliyi, yaxın dostlarım məlumatlıdır. Ancaq mən geniş ictimaiyyəti bu təcridetmələr haqda məlumatlandırmamışam. Düşünmüşəm ki, əqidədaşlarımın şərlənib kütləvi həbs olunduğu şəraitdə internet və telefon əlaqəmin kəsilməsini böyük problem saymayım.
İctimailəşdirmədiyim, həyatımı çətinləşdirən başqa təzyiq və təcridlər də var. Çalışıram ki, həmin problemləri də alternativ yollarla həll edim, alınmasa, həmin təzyiq və təcridlər haqda da sizə məlumat verəcəm.
Bu gün səhərdən internet və telefon əlaqələrim bərpa olunub. Başqa bir narahatlığım yoxdur. Sevinc Osmanqızı ilə baş tutmayan müsahibəni bu gün saat 22:30-da etməyə çalışacağıq”.
Əli Kərimli 1965-ci ildə doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
Əli Kərimli Bakının Süleyman Rəhimov küçəsində yaşayır.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində Əli Kərimli ilə yanaşı Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.