Xətai Rayon Polis İdarəsi “Azadlıq” qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmlini cinayət məsuliyyətinə cəlb edib. Aprelin 13-də ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər 1000 manatdan 3000 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Jurnalist bu il fevralın 26-sı Bakının Xətai rayonunda, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət mərasimində hakimiyyət tərəfdarı olan fəal Ata Abdullayevə xəsarət yetirməkdə təqsirli bilinir. Cinayət işi Ata Abdullayevin şikayəti əsasında başlanıb.
Azadliq.org-un məlumatına görə, Təzəxan Mirələmli bildirib ki, bir ay öncə bu iş üzrə şahid qismində dindirilib: “Aprelin 13-ü səhər saatlarında Xətai Rayon Polis İdarəsinin müstəntiqi Cahid Musayev məni idarəyə çağırdı, vəkillə birlikdə gəlməyimi istədi. Karantin rejimi ilə əlaqədar vəkilə müraciət etmək, müqavilə bağlamaq mümkün olmadı. Ona görə tək getdim. Amma idarədə mənə dövlət hesabına vəkil təyin edildi – Rəşad Abdinov. Təqsirləndirilən şəxs qismində cəlb olunmağım barədə qərarı verdilər, ittihamı elan etdilər, bəzi iş materialları ilə tanış oldum”.
Təzəxan Mirələmli barəsində ilkin istintaq dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Jurnalist deyir ki, tanış olduğu materiallar arasında Ata Abdullayevin xəsarət alması haqqında ekspert rəyi də olub: “Ekspert rəyindən narazıyam, buna etirazımı bildirdim. Mən Ata Abdullayevə xəsarət yetirməmişəm. Həmin gün onun başqa adamlarla da problemi olub. Gerçəkdən xəsarəti olubsa da, bəlkə elə onda alıb”.