Demokratik Qüvvələrin Milli Şurası bəyanat qəbul edib. Bəyanatda Azərbaycan hakimiyyətinin koronavirus pandemiyası dövründə repressiyaları gücləndirdiyi vurğulanır: “Aprelin 8-də AXCP sədri Əli Kərimlinin ictimai əsasla köməkçisi və “Azadlıq” qəzetinin əməkdaşı, keçmiş siyasi məhbus Faiq Əmirli faktiki oğurlanaraq bir gün sonra Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Səbəb kimi onun guya karantin qaydalarını pozduğu göstərilib. Halbuki Faiq Əmirlini yaşadığı evin qarşısında bir neçə nəfər mülki geyimli şəxs zorla avtomobilə oturdub naməlum istiqamətə aparıb.
Aprelin 9-da AXCP-nin daha bir fəalı, partiya sədrinin ictimai əsasla mühafizəçisi Ruslan Əmirov eyni tərzdə faktiki oğurlanaraq həbs edilib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum olunub. Ruslan Əmirov son bir ildə dördüncü dəfədir qurama ittihamlarla inzibati qaydada tutulur.
Eyni günlərdə “Nida” Vətəndaş Hərəkatının liderlərindən, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə və ailəsi polis təqibinə məruz qalıb. İlkin Rüstəmzadə hər an həbs oluna biləcəyindən narahatdır.
Aprelin 6-sı və 7-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının funksionerləri Şakir Məmmədov və Vəfadar Əliyev saxlanaraq polisə müqavimət adı ilə 15 və 30 sutka müddətinə inzibati həbsə məhkum ediliblər.
Milli Şura bir daha təəssüflə bildirir ki, Azərbaycan hakimiyyəti hətta indiki qlobal böhran dövründə də repressiv siyasətindən əl çəkmir. Mart ayında hakimiyyət Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş siyasi məhbus Tofiq Yaqublu başda olmaqla 10 nəfər müxalifət fəalını repressiyaya məruz qoyub. Milli Şura hakimiyyətdən saxta ittihamlarla həbs olunanları azadlığa buraxmağı, müxalifətçilərə, ictimai fəallara qarşı təqib və təzyiqləri dayandırmağı tələb edir”.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.
Tofiq Yaqublu yenə həbsə gedir
Prezident əfv sərəncamı imzalayıb
Müxalif siyasətçilər əfvi yarımçıq sayır