Aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirilib. Dünya Səhiyyə Təşkilatının baş direktorunun da qatıldığı zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 97 mindən çox şəxs dünyasını dəyişib.
AZƏRTAC-ın məlumatına görə, 10 aprel görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılıb və faciəvi nəticələrə gətirib çıxarıb: “Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində pandemiyaya həsr olunmuş zirvə görüşü keçirir. Bu, nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykökü, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. İndiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var.
Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılıb. Mart ayının 3-dən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda 60 minə yaxın test keçirilib: “Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb.
Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. İstehsal olunan avadanlıqlar və ləvazimatların satılması məhdudlaşdırılıb. Ona görə də daxili istehsal ehtiyacı yaranıb. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
Mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir”.
Türk Şurasını 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə yaradıb.
2018-ci ildə Macarıstan Türk Şurasında müşahidəçi statusu alıb.
2019-cu ildə Özbəkistan Türk Şurasına qoşulub.
Türk Şurasının sammitlərinə və müxtəlif tədbirlərinə Türkmənistan da qatılır.