Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı planda işsiz kimi qeydiyyata alınan 200 min şəxsə aprel-may aylarında yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi də nəzərdə tutulur. Bunun üçün 70 milyon manat ayrılıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu bununla bağlı şərhində qeyd edir ki, rəsmi hesabata əsasən, 2020-ci il yanvarın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 190,1 min nəfər, işsizliyin səviyyəsi 4,8 faiz olub: “Bu o deməkdir ki, 1 yanvar 2020-ci ilə hökumətin rəsmi etiraf etdiyi işsizlərin sayı 250 min nəfərdir. Bəs nədən birdəfəlik yardım 200 min nəfər üçün nəzərdə tutulub? Əslində hazırda işsizlərin sayı azalmayıb, artıb. Gerçək işsizlərin sayı 250 min də deyil, çünki son bir ayda işini itirənlər sürətlə çoxalıb.
Hökumət bu il yaranan işsizləri də nəzərə alıb ayırdığı birdəfəlik yardımı 200 min deyil, ən azı 300-500 min nəfər arasında bölüşdürməlidir. Bunun üçün də birdəfəlik yardım üçün ayrılan vəsait 70 milyon manatdan 150 milyon manatadək artırılmalıdır.
Yeri gəlmişkən, 200 min nəfərə 190 manat birdəfəlik yardımı 2 ay ödəmək üçün 70 milyon manat deyil, 76 milyon manat lazımdır. Hətta bu məbləğdən də 6 milyon manat kəsilib”.
Hökumətin yeni tədbirlər planı
Plan: iqtisadçının iki qeydi var