Aprelin 9-da Səbail Rayon Məhkəməsi AXCP sədrinin köməkçisi Faiq Əmirliyə bir aylıq inzibati həbs cəzası kəsib. Novator.az-ın məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə karantin rejiminin pozulmasında təqsirli bilinib.
Faiq Əmirlini aprelin 8-i axşamüstü Bakıda, 20-ci sahədəki evinin yanında mülki geyimli şəxslər tutub.
AXCP sədrinin köməkçisi “Azadlıq” qəzetinin maliyyə direktoru vəzifəsini tutan zaman həbsdə yatıb. 2016-cı il avqustun 20-də tutulan Faiq Əmirli 2017-ci il iyulun 24-də Səbail Rayon Məhkəməsinin hökmü ilə xeyli miqdarda vergidən yayınmada və qulluq mövqeyindən istifadə etməklə dini nifrət, düşmənçiliyin salınmasında təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, eyni zamanda 39 min manat məbləğində cərimələnmişdi. Rəsmi ittihama əsasən, Faiq Əmirli “Azadlıq” qəzetinin gəlirini az göstərməklə nəşri vergidən yayındırıb və ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin ideyalarını “Azadlıq” qəzetində yaymaq istəyib.
2017-ci il sentyabrın 15-i Bakı Apellyasiya Məhkəməsi Faiq Əmirlinin cəzasının qalan hissəsini şərti cəza ilə əvəzləyib və həbsdən buraxılmasına qərar verib.
2019-cu ilin dekabrında Çində pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi üzə çıxaraq 210-a yaxın ölkə və əraziyə yayılıb. Azərbaycanda infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimələnir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs edilir, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ödəyir.
Aprelin 9-da Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü Vəfadar Əliyev də bir ay müddətinə inzibati həbs cəzası alıb. “Turan”ın məlumatına görə, qərarı Binəqədi Rayon Məhkəməsi çıxarıb.
Vəfadar Əliyev aprelin 8-də evindən götürülüb Binəqədi Rayon Polis İdarəsinin 7-ci bölməsinə aparılmışdı.
ADR Hərəkatı 2015-ci ildə yaradılıb. Quruma iqtisadçı alim Qubad İbadoğlu rəhbərlik edir.