Politoloq Azər Qasımlı Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin rejimi dövründə aztəminatlı ailələrə və işsizlərə yardım etməyə çağırıb. Novator.az-ın məlumatına görə, politoloq özünün “Facebook” səhifəsində yazır: “Effektiv və saat mexanizmi kimi çalışan sosial təminat sistemi qurulmuş olsa, rəsmi statistika həqiqəti əks etdirsə, deyərdim ünvanlı sosial yardım edilsin. Lakin reallığı əks etdirən sistemin yoxluğu və vaxt azlığı üzündən adambaşına birdəfəlik 300 manat sosial yardım təklifi daha məntiqli və ədalətlidir”.
Azər Qasımlı həmçinin özəl sektorda çalışanların iş yerlərini qorumağı vacib sayır: “Bunun üçün karantində qalanların əmək haqlarının 75 faizini dövlət öz üzərinə götürməlidir. Kiçik və orta sahibkarlara isə götürdükləri bank kreditlərinin ödənişində 3 aylıq möhlət verilməlidir. Onları 3 ay ərzində gəlir vergisindən azad etmək də vacibdir”.
Aprelin 4-də baş nazir Əli Əsədov koronavirusun Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planını təsdiqləyib.
Planda muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi; fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi; sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi; dövlət əmlakını icarəyə götürmüş sahibkarlıq subyektlərindən icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması; zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması); işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi; sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənməsi; əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kilovat-saat həcmində artırılması və başqa məsələlər var.
İşsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi qaydasına əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; əmək pensiyaçıları; aylıq müavinət alanlar; aylıq təqaüd alanlar; özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslər; işsizlikdən sığorta ödənişi alanlar; peşə hazırlığına görə təqaüd alanlar; 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslər; əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan) və ya rəsmi aktiv əmək müqaviləsi bildirişi olanlar; əri və ya arvadı ünvanlı dövlət sosial yardımı və 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya alan şəxslər 190 manatlıq yardımdan qıraqda qalır.
İcrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin ilkin mərhələsində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210-a yaxın ölkə və əraziyə yayılıb, 88 mindən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda ümumən 822 nəfərin koronavirusa yoluxduğu üzə çıxıb, 63 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib. Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.