İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasının mənfi təsirinin azaldılması planı üzrə görəcəyi işləri açıqlayıb. Rəsmi məlumatda qeyd olunur ki, icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin ilkin mərhələsində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur: “Bu mexanizm çərçivəsində vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında işçilərə ödənməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.
Qeydiyyatda olan bütün vergiödəyicilərinin şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergiödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.
Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq.
Vergiödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanır.
Sistem uyğunsuzluq aşkar etmədikdə məlumatlar avtomatik qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.
Vergiödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla iki mərhələdə aparılacaq.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərti ilə hesablanacaq.
Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.
Fərdi sahibkarlar İnternet Vergi İdarəsindəki elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.
Qeydiyyatda olan bütün vergiödəyicilərinin şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergiödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.
Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.
Vergiödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanır.
Sistem uyğunsuzluq aşkar etmədikdə məlumatlar avtomatik qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.
Fərdi sahibkar olan vergiödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.
Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək”.