Aprelin 6-da əfv sərəncamı imzalayan prezident İlham Əliyev azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfəri cəzanın çəkilməmiş hissəsindən azad edib.
Sərəncam koronavirus infeksiyası ilə əlaqəlidir. 2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210-a yaxın ölkə və əraziyə yayılıb, 75 mindən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda 641 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib. Onların 44-ü müalicə olunaraq sağalıb, 7-si vəfat edib, 590-ı xəstəxanalardadır.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərt karantin rejimi tətbiq olunub, yaşı 65-dən yuxarı olan şəxslər yüksək risk qrupuna aid edilərək onların evdən çıxması tam yasaqlanıb.
Novator.az bildirir ki, 6 aprel sərəncamı ilə azadlığa buraxılanlar arasında Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun (İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqaları) siyahısının inanclı məhbuslar bölümündə yer almış iki nəfər var: Abbasov Fəramiz Zeynal oğlu və Binyədov Eldar Əli Ağa oğlu.
Qurum 100 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Siyahıda jurnalist və bloqçular (Araz Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli, Polad Aslanov), siyasi və ictimai fəallar (Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov (ev dustağıdır), Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov), inanclı fəallar və başqaları yer alır.
AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində əfv sərəncamına münasibət bildirərək məhbus Qarabağ qaziləri Tofiq Yaqublu, Saleh Rüstəmov, Babək Həsənovun adlarını çəkib, onları və başqa siyasi məhbusları azadlığa buraxmağa çağırıb: “Əfv edilmiş 176 nəfərin mütləq əksəriyyətinin azadlığa çıxmasına sevinirik. Onları və ailələrini təbrik edirik. Etiraz onların əfv edilməsinə yox, siyasi məhbusların və epidemiya dövründə azad edilməli olan digər məhbusların hələ də həbsdə saxlanmasınadır. Hər fürsətdə milləti özününkilərə və özgələrə (hətta düşmənlərə) bölmək çox səhv siyasətdir. Bu siyasətdən imtina edilməli, siyasi məhbuslar və digər məhbusların da əksəriyyəti azadlığa buraxılmalıdır”.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Amerikanın səsi”nə müsahibəsində qeyd edib ki, çoxsaylı siyasi məhbusların olduğu, həm də koronavirus epidemiyasının hər gün daha çox yayıldığı indiki dövrdə əfv sərəncamı minlərlə məhbusa aid olmalı və ya hansı yollasa çox məhbusun azadlığa çıxması təmin edilməli idi: “Türkiyədə, İranda, başqa ölkələrdə on minlərlə məhbus azadlığa buraxılır. Cəza müddəti azalmış, xüsusi təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlər azadlığa çıxır. Bu yolla indiki şəraitdə cəmiyyətdə gərginliyin azalmasına yönələn xoş məram nümayiş etdirilir. Azərbaycanda da belə addım atılmasını, siyasi məhbusların və minlərlə başqa məhbusun azadlığa buraxılmasını təklif etmişdik. Təəssüf ki, hakimiyyət yenə də cəmiyyətin maraqlarını nəzərə almadı, bizim təkliflərimizi qəbul etmədi”.
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il iclasında Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. Azərbaycanda siyasi məhbuslar üzrə islandiyalı məruzəçisi Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamədə Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunub.